Həm ziyarət, həm ticarət?
Azerisport.az artıq Rusiyanın tanınmış futbol veteranları – Anatoli Bışovetslə Stanislav Çerçesovun Bakıya gəlişi haqqında xəbər verib. Hazırda aktiv məşqçi fəaliyyətinə məcburi fasilə verən mütəxəssislərinin gəlişinin əsas məqsədi dostları İqor Ponomaryovun yubileyində iştirak etmək olsa da, hər ikisi AFFA-nın dəvəti ilə bu gün Futbol Akademiyasında olub və Azərbaycanın 15 yaşadək futbolçulardan ibarət yığma komandası ilə görüşüb.
Bu səfərin görünən tərəflərini kənara qoyaq. Hər halda, istənilən futbol adamı dostunu təbrik etmək üçün uzaq məsafə qət edə və ölkəmizə gələ bilər. Bəzən Bakıya səfərin işgüzar məqsədləri də ola bilər. Məsələn, elə həmin Futbol Akademiyasının açılışına məşhur futbolçu və şərhçi Vladimir Maslaçenkonun gəlişi kimi. Amma gəlin, veteran qapıçının futbolçu karyerasını çoxdan başa vurduğunu, məşqçiliyə heç vaxt başlamadığını nəzərə alaq, bundan əlavə, hazırda şərhçi kimi çalışdığı “NTV plyus” telekanalı ilə rəqabətə girəcək Azərbaycan kanalının olmadığını göz önünə gətirək. Deməli, Maslaçenkonun ölkəmizdə çalışması üçün heç bir “səbəb” yoxdur. O, hələ Rusiyaya lazımdır.
Eyni sözləri nə Bışovets, nə də Çerçesov haqqında söyləmək olmur. 1988-ci ilin Olimpiya Çempionu uzun müddət Seul zəfərinin “kölgəsində yatsa” da, o qələbədən sonra qazandığı avtoriteti “Zenit” və “Lokomotiv”də uğursuz faəliyyəti ilə “xərcləyib”. Bir vaxtlar Rusiyanın perspektivli məşqçilərindən hesab olunan Çerçesov isə “Spartak”dan istefaya göndəriləndən sonra artıq ilyarımdır ki, öz ölkəsində heç kəsə lazım deyil. Nəhayət, sonuncu məqam: həm Anatoli Fyodoroviç, həm də Stanislav Salamoviç açıqlamalarında ya Azərbaycandan təklif aldığını, ya da bizim ölkəmizdə işləmək istədiyini söyləyib. İndi niyə də bu səfər “həm ziyarət, həm ticarət” xarakteri daşımasın?
Çerçesovun AFFA rəhbərliyi ilə əlaqələrindən artıq hər kəsin xəbəri var. Assosiasiya rəhbərliyi danışıqlar faktını təsdiqləməsə də, rusiyalı mütəxəssis ona Azərbaycan yığma komandasının baş məşqçi postunun təklif olunduğunu, lakin danışıqların nəticəsiz qaldığını dəfələrlə bildirib. İndiki vaxtda, Berti Foqtsun komandasının az-çox uğurlu nəticələr qazandığı dövrdə, AFFA-nın məşqçi dəyişikliyinə gedəcəyi inandırıcı görünmür. Amma Azərbaycan futbol təsərrüfatı tək yığma ilə məhdudlaşmır. Burada, məsələn, “Neftçi” kimi böyük ənənələrə malik olan və yeri gəlmişkən, Vaqif Sadıqovun istefasından sonra məşqçisiz qalan komanda var. Buna görə də, bir müddət sonra Çerçesov, yaxud Bışovets (bəlkə də hər ikisi) Azərbaycan klublarından birinin baş məşqçisi kimi Azerisport.az-a müsahibə verəndə təəccüblənməyin.
Onların hər ikisinin təcrübəsi Azərbaycan futboluna yalnız fayda verər.
Foto: Affa.az
