Rəşad Sadıqov: Almaniyadan xalla dönmək istərdim
Azərbaycan yığmasının kapitanı və lideri nikbindir. Bu gün səhər məşqindən əvvəl Azerisport.az-ın müxbirinə müsahibə verən Rəşad Sadıqov İordaniya ilə qarşıdan gələn oyundan, rəqibin güclü tərəflərindən və AÇ-nin seçmə mərhələsindən danışıb.
Ammanda keçirdiyiniz ilk günləri necə dəyərləndirərdiniz?
Hazırlıqdan razıyam. Burada günəşli, xoş hava şəraiti var. Oyunçular milli komandanın düşərgəsində olduqlarını yaxşı başa düşürlər, buna görə də var-gücləri ilə məşq edirlər.
Çoxdandır bir araya gəlmədiyinizdən, yəqin ki, yığma komandanın toplanışları üçün darıxmısınız.
Əlbəttə. Hiss edirəm ki, toplanışdan-toplanışa millinin düşərgəsində daha xoş ab-hava hökm sürür. Müxtəlif klublarda çıxış etməyimizə rəğmən, hər birimiz yaxşı münasibətdəyik, zarafatlaşırıq, deyib-gülürük. Məhz buna görə də yeni futbolçular kollektivə daha tez uyğunlaşırlar.
Azərbaycan yığması 2004-cü ildə Karlos Alberto Torresin rəhbərliyi altında Ammanda İordaniya ilə qarşılaşıb. İndi siz həmin oyunda çıxış edən yeganə futbolçusunuz. O qarşılaşmanı necə xatırlayırsız?
Yadımdadır ki, onda hava çox isti idi. Gözlənilməz qol buraxdıq, amma bir neçə dəqiqə sonra hesabı bərabərləşdirdik. Qeyd edim ki, onda komandamız bir sutkadan çox yolda olmuşdu. Bu dəfə daha rahat çatdıq. İndi komandamız daha gənc və dinamikdir. Fikrimcə, qarşıdakı oyun çox maraqlı alınacaq.
Digər Asiya komandaları – Bəhreyn, Küveyt və İrana qarşı da forma geymisiniz. Asiya təmsilçilərini necə dəyərləndirərdiniz?
Deyə bilərəm ki, çox narahat rəqiblərdir. Onların texniki hazırlığı yüksək səviyyədə olur. Amma bu dəfə biz İordaniya üçün çətin rəqibə çevrilməyə çalışacağıq.
Yığmamız üçün qarşıdakı iki yoldaşlıq görüşünün – İordaniya və Lüksemburqla oyunların nəticəsi vacibdirmi?
Aydındır ki, optimal formadan bir qədər uzaq olacağıq. Amma hər oyuna qələbə məqsədi ilə çıxmalıyıq. Qarşıda bizi Avropa Çempionatının çətin seçmə mərhələsi gözləyirik. Yoldaşlıq görüşlərində qələbələr bizə “qalib psixologiyası” aşılamalıdır.
Təqvimdən xəbəriniz var?
Yalnız ilk üç oyunda kiminlə qarşılaşacağımızı dəqiq bilirəm.
Bu il xal yığmaq mümkün olacaqmı?
Heç olmasa, iki oyunda xal götürməyə çalışacağıq.
Bu, bir qədər çətin görünür. Hər halda, Azərbaycanı səfərdə Almaniya və Avstriya, evdə isə Türkiyə ilə matçlar gözləyir.
Fərq etməz. Almaniyadan 1 xalla qayıtmaq istərdim. İlk oyunumuzun almanlara qarşı olması yaxşıdır. Onlar dünya çempionatından sonra yorğun ola bilərlər. Üstəlik, CAR-da uğursuz çıxış etsələr, psixoloji planda problemlərdən də qaça bilməyəcəklər. Yadımdadır ki, Bakıda İtaliyaya qarşı çox yaxşı çıxış etmişdik, amma gözlənilməz qol oyunumuzu “sındırmışdı”.
