25 fevral 2010 16:10
İordaniya - lakmus kağızı
Azərbaycan yığması 2010-cu ildə debüt etməyə hazırlaşır. Azerisport.az xəbər verir ki, rəqib nəhənglərdən deyil. Amma yoldaşlıq görüşlərində adətən rəqibin səviyyəsi elə böyük rol oynamır.
Təbii ki, əgər söhbət Tuvalu, yaxud Yeni Kaledoniya yığmalarından getmirsə. Belə rəqiblərlə qarşılaşmalar futbolçulara oyun praktikası qazandırmaqdan başqa məqsəd daşıya bilməz. Çünki özündən iki baş zəif olan komandalarla görüşlərdə hər hansı bir taktiki sxemin sınaqdan keçirilməsindən danışmağın mənası yoxdur. Kollektivin, o cümlədən ona yeni qoşulan oyunçuların əsl səviyyəsi güclü rəqiblərlə matçlarda üzə çıxır. Elə İordaniya yığması ilə oyunu da “lakmus kağızı” adlandırmaq olar. Hər halda, fakt budur ki, bu gün Avropa və dünya nəhəngləri bizimlə oynamaq istəmirlər. Deməli, İordaniya elə də pis variant deyil.
Düzü, əvvəllər almaniyalı mütəxəssis yığma komandanı az qala ayda bir dəfə təlim-məşq toplanışına yığması təəccüblü görünürdü. Foqts bunu futbolçuların hazırlığının aşağı olması ilə əlaqələndirərək, dolayısıyla klubların, ən əsası, klub məşqçilərinin “bostanına daş atırdı”. Yəni “baxın, sizin eləyə bilmədiyinizi, mən edirəm”. Oyunçular müsahibələrində bunun faydalı olduğunu nə qədər tez-tez söyləsələr də, əslində, onlar bu cür toplanışları xoşlamırlar. Təlim-məşq toplanışında baş məşqçilər diqqəti daha çox fiziki hazırlığa – qaçmağa yönəldirlər. Dünyada isə topsuz qaçmağı xoşlayan tək-tük futbolçu var.
Amma yoldaşlıq görüşləri – tam başqa məsələ. Məhz 90 dəqiqə ərzində futbolçular monoton krosslardan müvəqqəti olsa da, qurtula bilirlər. İndi Ammanda - günəşli hava şəraitində ağır məşqlər keçən Azərbaycan yığmasının üzvləri üçün İordaniya, martın 3-də isə Lüksemburqla oyunlar 40 dərəcə istidə sərin hovuz təsiri bağışlayacaq.
Bəs krallıq komandası ilə bugünkü duel Berti Foqtsa düşünmək üçün hansı məhsulu verər?
Əsas məsələ 3 aylıq fasilədən sonra bir araya gələn yığma üzvlərinin funksional hazırlığını müəyyənləşdirmək və yavaş-yavaş millinin optimal heyətini formalaşdırmaqdır. İndi düşərgədə Amit Quluzadə, Rauf Əliyev və Fərid Quliyev kimi debütantlar var. Onlardan yalnız sonuncu ikisi – klubunda müntəzəm oyun praktikasına malik olduları üçün – yığmanın yaxın gələcəyi hesab oluna bilər. Deməli, Rauf və Fərid üçün də İordaniya ilə qarşılaşma xüsusi əhəmiyyət daşıyır. Foqts bir zəiflə oyunla futbolçunun üstündən birdəfəlik xətt çəkən məşqçilərdən deyil, amma hər halda, yığmada hücumçu problemi olduğu zamanda hər iki forvardın əlinə yaxşı şans düşüb.
