25 fevral 2010 00:36
Kamran Ağayev: Yığmaya çağırılan hər qapıçı potensial 1 nömrədir
2010-cu ildəki ilk toplanış digərlərindən nə iləsə fərqlənirmi?
Yox. Əvvəl necə idisə, indi də elədir. Yüksək səviyyədə hazırlaşırıq. Bütün futbolçular milli komandanın məsuliyyətini anlayır.
Komandaya yeni qoşulanlar necə təsir bağışlayırlar?
Yığmada debütant ola bilməz, çünki millinin qapılara bütün futbolçuların üzünə açıqdır.
Amma hər halda, onların uyğunlaşması üçün müəyyən zamana ehtiyac var.
Fikrimcə, ağıllı futbolçu heç kimin köməyi olmadan istənilən kollektivə uyğunlaşa bilər.
Çempionatın son turlarında sərgilənən futbol çoxlarını razı salmadı. Söhbətlər gəzir ki, futbolçular var-gücləri ilə oynamırdılar. Bunun qarşıdakı oyuna mənfi təsiri ola bilərmi?
Yox. Peşəkar futbolçu heç vaxt belə etməməlidir. Rəqibin kimliyindən asılı olmayaraq, hər oyuna ciddi hazırlaşmaq lazımdır.
İordaniya ilə oyun FİFA reytinqinə heç bir təsir göstərməyəcək. Bu da meydançaya mübariz əhval-ruhiyyədə çıxmağa mane olmayacaq?
Əlbəttə! Biz ölkəmiz üçün oynayırıq. Burada Kamran Ağayev və ya digəri oynamır. Bütün Azərbaycan sənin arxandadır, buna görə də ölkəni layiqli təmsil etmək gərəkdir.
Qarşılaşmadan nə gözləyirsiniz?
Rəqibin gücündən asılı olmayaraq, hər oyundan qələbə gözləyirəm. Futbol oynayıramsa, deməli öz gücümə inanıram.
Qarşınızda bu il də yığmanın əsas qapıçısı olmaq məqsədi dururmu?
Yığmaya dəvət alan hər bir qapıçı potensial “1 nömrə”dir. Heyəti baş məşqçi qurur. İstəsə, meydana buraxar, istəməsə - yox. Əsas məsələ yığma komandaya kömək etməkdir.
