Azərbaycan millisində növbəti legioner?
“Bakı”nın və Azərbaycan yığmasının müdafiəçisi Saşa Yunisoğlu yaxın vaxtlarda Norveç klubu ilə müqavilə bağlaya bilər. Azerisport.az xəbər verir ki, bu mövsüm yüksək liqaya vəsiqə qazanan “Hauqesund” klubu həmyerlimizlə maraqlanır və onu iş başında izləmək üçün Azərbaycan yığmasının Lüksemburqla martın 3-də keçirəcəyi yoldaşlıq görüşünə nümayəndə də göndərmək fikrindədir. “Bakı”nın baş meneceri Zeynal Məmmədov öz növbəsində ATV-yə açıqlamasında Saşanın klubla müqaviləsinin olduğunu, “amma layiqli əcnəbi klubdan təklif gələcəyi təqdirdə” futbolçunun keçidinə maneə yaratmayacaqlarını söyləyib.
Nəzərinizə çatdıraq ki, Hauqesund şəhərini təmsil edən eyniadlı klub 1993-cü ildə təsis edilib və indiyədək yüksək liqada cəmi dörd mövsüm keçirib. Komandanın ən böyük uğuru 2007-ci ildə Norveç kubokunun finalına çıxmasıdır.
Onu da bildirək ki, Norveçdə çempionat “yaz-payız” sistemi ilə keçirilir və “transfer pəncərəsi” hələ də açıq sayılır.
