28 fevral 2010 15:20
Bülənt Qorxmaz: Bakıda qarşıma qoyulan bütün məqsədlərə çatmışam
“Bakı”nın türkiyəli baş məşqçisi Bülənt Qorxmaz Azerisport.az-a müsahibəsində Final mərhələsinin oyunlarından, hər iki cəhbədə qalib gəlməyin vacibliyindən və şəxsən onun qarşısına qoyulan məqsədlərdən danışıb.
Qarşıda sizi “altılıq” oyunları gözləyir. “Bakı” Final mərhələsinə necə hazırlaşır?
“Altılığ”a düşməklə vəzifəmizin öhdəsindən gəldik. İndi medallar uğrunda mübarizə başlayır. Ən güclü komandalar ilk “altılığ”a vəsiqə qazanıb və hər kəs çempionluğa oynayacaq.
İlk oyununuz “Qarabağ”ladır...
Rəqib çox güclüdür və burada əlavə şərhə ehtiyac görmürəm. “Qarabağ”ın oyununu çox bəyənirəm. Həm baş məşqçi və həm də futbolçular yerlidir. Bu da bir ansambl yaratmağa kömək edir. Yerli futbolçular bir-birilərini yaxşı anlayırlar. Həm də ki, milli çempionatı onlardan yaxşı tanıyan olmaz.
Bəs sizin komandanızda nə vaxt yerli futbolçular söz sahibi olacaq?
Biz elə bunun üçün işləyirik. Əvəzedici heyətdən 6-7 futbolçu götürmüşük. Onlar əsas komandanın gələcəyidir. Klubun yetirməsinin lazımi səviyyəyə çatması isə üçün illərlə çalışmaq gərəkdir.
3 xal götürmək şanslarınızı necə dəyərləndirirsiniz?
Hər şey 90 dəqiqə ərzində həll olunacaq. Amma bilin ki, “Bakı” yalnız qələbəyə oynayacaq. Proqnoz verə bilmərəm, sadəcə, sona qədər vuruşacağımızı bildirim.
“Altılıq”da “İnter” ciddi xal fərqi ilə liderdir və çempionluğa ən real namizəd sayılır.
“İnter” bizdən 5 xal irəlidədir, deməli, iki qələbə onlara çatmağa yetər. Bizi isə qarşıda 10 oyun gözləyir. Rəqibin xal itkisi və bizim qələbəmiz hər şeyi dəyişə bilər. 5 xal çox böyük fərq deyil.
“Bakı” indi siz istədiyiniz futbolu sərgiləyir?
Oyun planında müsbət dəyişikliklər gözə dəyir. Artıq 10 oyundur məğlub olmuruq. Final mərhələsində daha yaxşı oynamağa ehtiyac var. Buna görə həm oyun keyfiyyətini, həm də statistikanı yaxşılaşdırmalıyıq.
Kubokdan çempionat naminə imtina edə bilərsinizmi? İki cəbhədə mübarizə aparmaq elə də asan deyil.
Biz hər iki yarışda uğur qazanmağı qarşımıza məqsəd kimi qoymuşuq. Heyətimiz də buna imkan verir. Kubok spesifik turnirdir və burada əvvəlcədən heç nə demək mümkün deyil. Orada da bizi çətin matçlar gözləyir.
Hər halda, “Standard”la matçlarda məhz “Bakı” favorit sayılır...
Belə deməzdim. 90 dəqiqə ərzində daha yaxşı oynayan komanda favoritdir. Oyunun necə alınacağını bilmirik, amma məqsədimiz “Standard”ı keçməkdir. Çempionatda onlara qalib gəlmişik – kubokda bir qədər çətin olacaq. Burada hər şey iki matçda həll olunur.
“Birlik kuboku”ndakı uğursuzluqdan sonra özünüzü təsdiq üçün “qızıl dubl” etmək lazımdır?
Yenə deyirəm, hər iki yarışda qalib gəlmək istəyirik. Sizə bir şey deyim: bəli, qarşıma üç məqsəd qoyulmuşdu, amma onlar sizin fikirləşdikləriniz deyil. Hədəflər bunlar idi. Birinci, klubun infrastrukturunu yaxşılaşdırmalı idim. Bazamız artıq hazırdır. İkinci, əsas heyətə gənc futbolçular cəlb etməli idim. Bildiyiniz kimi, əvəzedici komandadan bir neçə oyunçu dəvət etmişik və onlar bizim ümidlərimizi doğruldublar. Üçüncüsü, “altılığ”a vəsiqə qazanmalı idim. Gördüyünüz kimi, çata bilmədiyim məqsəd qalmayıb.
