1 mart 2010 15:34
Arif Əsədov: Rəqibləri nəfəs almağa qoymayacağıq
Vaqif Sadıqovun “Neftçi”dən istefasından sonra klub rəhbərliyi tərəfindən baş məşqçinin səlahiyyətlərini yerinə yetirmək tapşırığı alan Arif Əsədov azerisport.az-a müsahibə verib.
Baş məşqçi səlahiyyətlərinin yerinə yerinə yetirmək tapşırığı sizin üçün gözlənilməz oldu?
Belə qərarları həmişə prezident qəbul edir. Komandanı yaxşı tanımağımı və əsas heyətdə çalışmağımı əsas götürərək, bu işi mənə tapşırdılar. Sevinirəm ki, özümü göstərmək üçün şans verilib. Mövsümün sonuna üç ay qalıb. Bu müddət ərzində ümidləri doğrultmağa çalışacağam.
Qarşınıza hansı məqsədlər qoyulub?
“Neftçi”nin məqsədi həmişə qələbə qazanmaq olub. Komanda hər zaman birinci yer üçün mübarizə aparıb. Bilirəm ki, azarkeşlər komandanı turnir cədvəlinin zirvəsində görmək istəyir. Əlimdən gələn hər şeyi edəcəyəm ki, təyinatıma görə rəhbərlik peşiman olmasın. Son iki ildə “Neftçi”də yeddi baş məşqçi dəyişib. Nəhayət, buna son qoymaq istərdik.
Rəhbərlik sizdən dərhal nəticə tələb edir?
Yüz faiz çempionluq keç kəs tələb etməyib. Amma özüm görürəm ki, komandanın həm çempionluq, həm də kuboku qazanmaq şansları qalır. Niyə də bu turnirlərdə qələbə qazanmaq üçün oynamayaq?
Sizi kubokda “İnter”lə çətin oyun gözləyir.
Rəqib yüksək səviyyəli futbolçulardan qurulmuş təcrübəli komandadır. Hərikikomandaüçünçətinolacaq. Gəlin, qabağaqaçmayaq.Nə “İnter”, nə də “Neftçi” növbəti mərhələyə vəsiqə qazanmayıb. Yəni proqnoz vermək çətin məsələdir. İlk matçda qələbə qazanmağa çalışacağıq.
Çoxları Vaqif Sadıqovun dövründə “Neftçi”nin müdafiədən oynamasını əsas gətirərək, komandanı tənqid edirdi. Sizin gəlişinizlə hansı dəyişiklikləri gözləmək olar?
Hər oyunda rəqibə uyğun olaraq, taktika seçəcəyik. Narahat olmayın, bütün oyunları müdafiədə keçirməyəcəyik. Rəqibləri nəfəs almağa qoymayacağıq. Hər mütəxəssisin öz metodları var. Elə etməyə çalışacağıq ki, həm komanda qalib gəlsin, həm də azarkeşlər razı qalsın.
Belə bir fikir var ki, “Neftçi”ni sizə tapşırmaq bir qədər risklidir. Hər halda, baş məşqçi kimi gəncsiniz. Bununla razısız?
Məşqçi gərək heç nədən qorxmasın. Mən özümə və komandama inanıram. Uğurlu nəticə üçün gecə-gündüz çalışacam. Artıq U-19 yığmasında çalışmışam və özümü yaxşı tərəfdən göstərmişəm. İndi klubda nəticə qazanmaq vaxtıdır.
Ümidləri doğrultsanız, komandada növbəti mövsüm qalmaq şanslarınız da artacaq.
Hər şeyə rəhbərlik qərar verəcək. Mövsümün sonunda baxarıq. Hər şeydə onda həll olunacaq. Nəticələrdən çox şey asılıdır. İstənilən halda, hər bir məşqçi bilir ki, günlərin bir günü öz postunu tərk edəcək.
Əsas heyətə çox düşə bilməyən gənc oyunçulara şans verəcəksinizmi?
Mən ikinci komanda ilə işləmişəm və futbolçuların potensialına bələdəm. Qarşıda “Neftçi”ni çətin oyunlar gözləsə də, gəncləri yoxlamağa çalışacağıq. İnanıram ki, azarkeşləri sevindirə biləcəyik. Rəhbərlik komandanı mənə tapşırıb. İndi özümü göstərmək vaxtıdır.
