2 mart 2010 00:13
Rəşad Sadıqov: Reytinqdə irəliləməliyik. Bu, çox vacibdir
Azərbaycan yığmasının kapitanı və lideri milli komandanın Lüksemburqda keçirdiyi ilk məşqdən sonra azerisport.az-a müsahibə verib.
İordaniya ilə görüşdə siz yenə kapitan idiz. Çərşənbə günü də sarğı qolunuzda olacaq?
Düzü, sizdən belə sual gözləmirdim. Axı komandadan kapitanın, vitse-kapitanların kim olduğunu bilirsiniz... Kapitanı yalnız hansısa hərəkətinə görə bu addan məhrum etmək olar. Məsələn, Con Terri kimi (Xatırladaq ki, “Çelsi”nin və İngiltərə yığmasının müdafiəçisinin komanda yoldaşı Ueyn Bricin keçmiş həyat yoldaşı ilə məhəbbət macərası Britaniya qəzetlərinin səhifələrinə çıxmasından sonra baş məşqçi Fabio Kapello belə qərar vermişdi – azerisport.az).
Əslində, sual başqa məqsədlə verilmişdi. İdmançılar adətən inanclara uyğun hərəkət edirlər. Berti Foqts da ötən ilin sonunda milli komandanın uğurlu oyunu ilə əlaqədar olaraq, sarğını Samir Abbasov və Mahir Şükürov da saxlaya bilərdi.
Fikrimcə, burada hansısa inancdan söhbət gedə bilməz. Onda gərək kiminsə ayağının ağır olduğunun əsas gətirərək, məğlubiyyətlərdən sonra bütün heyəti dəyişəsən. Mənim üçün milli komandanın kapitanı olmaq böyük şərəfdir.
Foqts İordaniya ilə oyundan sonra nə dedi?
Bildirdi ki, fiziki durumdan razı qalmayıb, amma eyni zamanda mövsümün əvvəli olduğunu və bizi başa düşdüyünü söylədi. Lakin İordaniya ilə görüşlərdə buraxdığımız səhvləri daha güclü komandalar bizə bağışlamayacaq.
Məsələn, hansı səhvləri?
Tez-tez sadə epizodlarda top itirirdik. Bəzən tələskənlikdən, bəzən də lənglik üzündən ötürmələrdə səhvlərə yol verirdik. Bu məqamları aradan qaldırmaq lazımdır.
Çərşənbə günü rəqib Lüksemburq olacaq. Sizcə, seçmə mərhələnin çətin oyunlarını göz önünə gətirərək, Almaniya və Avstriya kimi güclü komandalarla oynamaq daha düzgün olmazdımı?
Güclü komandalara qarşı oynamaq xoşdur. Amma yoldaşlıq oyunları üçün rəqib seçmək məşqçi korpusunun işidir. Futbolçular yalnız oyun barədə düşünməlidirlər.
Seçim imkanı sizdə olsaydı, qrup mərhələsinə hansı komandaya qarşı oyunla start vermək istərdiniz?
Elə Almaniya səfər oyunu ilə. Söhbət hansısa nəticə qazanmaq şanslarından getmir. Sadəcə, qrupun favoritləri ilə seçmə mərhələnin əvvəlində oynamaq daa yaxşıdır.
Lüksemburqla matçdan nə gözləyək?
Qələbə qazanmaq əla olardı. Bu həm ilə gözəl start vermək, həm də reytinq xalları baxımından əhəmiyyətli qələbə olar. Reytinqin şərti olması barədə kim nə deyir, desin: fikrimcə, vəziyyətimizi yaxşılaşdırmalıyıq. Bu vacibdir.
