3 mart 2010 01:29
İlyarım sonra U-21 ilk xalını qazandı!
Bu gün Falkirkdə Avropa Çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyununa çıxan Azərbaycanın 21 yaşlılardan ibarət yığma komandası nəhayət ilk xalı aktivinə yazıb. Azerisport.az xəbər verir ki, komandamız bir saata yaxın azlıqda oynamasına rəğmən, heç-heçəni qoruyub saxlaya bilib.
Yekun nəticəyə – 2:2 – baxdıqda, Tural Axundovun hesab 1:0 olarkən (qol - Nizami Hacıyevin aktivində) 32-ci dəqiqədə aldığı qırmızı vərəqə çox böyük təəssüf doğurur. Kim bilir, bəlkə də futbolçumuz rəqibini yıxmasaydı və şotlandlar penaltidən dəqiq yararlanmasaydılar, Benhard Lippert U-21-in baş məşqçi postunda ilk qələbəsinə də sevinə bilərdi. Hər halda, 10 nəfərlə oynayan Azərbaycanın ikinci hissədə irəli getməsi və 65-ci dəqiqədə Araz Abdullayevlə ikinci dəfə fərqlənməsi çox şeydən xəbər verir. Hərçənd, şotlandlar bir dəqiqə sonra Qriffitslə hesabı bir daha bərabərləşdirərək, futbolçularımızın bir dəqiqədən artıq sevinməsinə imkan vermədilər.
Amma 2:2 də pis nəticə deyil!.. U-21-in sonuncu dəfə nə zaman qələbə qazandığını indi çoxları xatırlamasa da, komanda ilyarımdan çox sürən rəsmi oyunlarda məğlubiyyət seriyasına qrupun favoritlərindən biri – Şotlandiya ilə qarşılaşmada, məhz onun meydançasında son qoyması sevindiricidir. Davamı gəlsin!
2 mart. Falkirk, AÇ-2011-in seçmə mərhələsi, Şotlandiya – Azərbaycan 2:2
Qollar: Hacıyev, 14 (0:1), Makuayr, 33-pen (1:1), Abdullayev, 65 (1:2), Qriffits, 66 (2:2)
Qırmızı vərəqə: Axundov, 32
