3 mart 2010 17:46
Cırtdanlar cırtdan deyil
Avropanın “cırtdan” ölkələrindən sayılan Lüksemburqla duel Azərbaycan yığması üçün bu “çəki dərəcəsi”ndə 12-ci oyun olacaq. Azerisport.az xəbər verir ki, əvvəlki 11 qarşılaşmanın yalnız 4-ü millimizin qələbəsi ilə başa çatıb.
Əhalisi və ərazisinə görə, ölkəmizin heç də böyük hesab olunmayan şəhərləri ilə belə müqayisə gəlməyən dövlətlərdən yalnız Lixtenşteyn Azərbaycan yığmasına iki dəfə - AÇ-2000 və DÇ-2010-un seçmə mərhələsində rəqib olub. Ümumi balans komandamızın xeyrinə olsa da, azarkeşlər hələ də 1999-cu ildəki matçı unuda bilmirlər. Bunu unutmaq çox çətin olacaq, çünki Vadutsdan olan poçtalyon və klerkləri futbol tarixində ilk sevindirənlər məhz açıqürəkli azərbaycanlı futbolçular olub.
Amma miqyasları və peşəkar futbolun inkişaf səviyyəsinə görə knyazlıq ölkəsindən heç nə ilə fərqlənməyən Malta ilə mübarizənin tarixinə diqqət yetirsək, 11 il əvvəl Vadutsda millinin bir qol vurmaqla az qala qəhrəmanlıq etdiyi qənaətinə gələrik. Hər şeyi emosiya və hisslərdən uzaq quru statistika deyir: 3 oyun, 3 məğlubiyyət, top fərqi – 0:9! Hərçənd, nəticələr getdikcə yaxşılaşır və hardasa iki il sonra Malta mütləq 1:0 hesabı ilə yeniləcək. “Niyə”si üçün aşağıdakı mini-statistik cədvələ baxın.
Andorra və Farer adaları ilə matçları isə xatırlamağa dəyər. Yığmamız La-Velyada ilk və hələ ki, yeganə qələbəsini ötən il Berti Foqtsun rəhbərliyi altında qazanıb. “Keçilər ölkəsi”nin təmsilçiləri isə neytral meydançada keçirilən beynəlxalq yoldaşlıq turnirində böyük hesabla məğlub ediliblər.
Bugünkü matçdan sonra qarşılaşmadığımız “cırtdan”lar arasında yalnız San-Marinonun adı qalacaq. Yəqin ki, yaxın vaxtlarda AFFA bu rəqiblə də yoldaşlıq görüşü keçirmək üçün razılığa gələr.
“Cırtdan”larla duellər
Lixtenşteyn– 1:2, 4:0, 0:0, 2:0
Malta – 0:5, 0:3, 0:1
Andorra– 0:0, 0:0, 2:1
Farer adaları– 3:0
