Azərbaycanlı oliqarx Birlik Kubokunu Türkiyəyə aparır
2011-ci il MDB və Baltikyanı ölkə çempionlarının kubokunda oyunlar Türkiyə ərazisində keçirilə bilər. Azerisport.az xəbər verir ki, bu cür təkliflə qardaş ölkənin ən böyük turoperatoru çıxış edib.
Əsasən MDB futbol məkanında çalışan, Rusiya, Ukrayna, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Gürcüstan və digər postsovet məkanı ölkələri klublarının Antalyada təlim-məşq toplanışlarını təşkil edən şirkətin rəhbəri Şamil Yaşçan “Sport Ekspress” nəşrinə müsahibəsində təklifin real olduğunu bildirib: “Moskavaya turnirə gələn klubların əksəriyyəti mövsümə hazırlığa Antalyada başlayır. Buna görə də Rusiya Futbol İttifaqına müvafiq danışıqlara başlamaq üçün məktub göndərmək fikrindəyik. İdeya kifayət qədər sadədir: turniri komandalar təlim-məşq toplanışı keçirdiyi yerdə təşkil etmək. Antalyada indi böyük infrastruktur var: 15, 3 və 2 min tutuma malik üç stadion. Bunlardan ikisi “Mardan Sportkompleks”də (azərbaycanlı oliqarx Telman İsmayılovun sahibi olduğu idman kompleksi – azerisport.az), digəri isə “Topkapı və Kremlin otellərinini futbol mərkəzi”ndə yerləşir. Bundan əlavə, Kunduda min nəfər azarkeşi qəbul edə biləcək daha iki arena var. Bİr sözlə, bunlar turniri normal şərtlər altında keçirməyə kifayət edər. Lazım gələrsə, Antalyanın mərkəzi stadionunun icarəsini də danışmaq mümkündür. Əminim ki, bu cür qərar yalnız turnirin inkişafına xidmət göstərər. Antalyada indi keçmiş SSRİ-dən çıxmış xeyli insan yaşayır. Moskava əhalisindən fərqli olaraq, onların hər biri üçün bu yarış böyük maraq kəsb edər”.
