4 mart 2010 02:05
Nəticənin əsarətində
İl sırf nəticə baxımından Azərbaycan futbolu üçün uğurlu başladı. Azerisport.az xəbər verir ki, İordaniya üzərində qələbədən beş gün sonra Berti Foqtsun yetirmələri Avropanın mərkəzinə yollanıb orada da Lüksemburqa qalib gəldilər. İki oyun, iki qələbə, topların fərqi – 4:1. Heç də göstərici pis deyil.
Amma bütün bunlar rəqəmlərin dilidir. Emosiya bildirməyən, analiz bacarığı olmayan statistika. Bununla belə, statistika özü nə qədər analiz bacarığına malik olmasa da, ondan istifadə edib bu və ya digər sahədə araşdırmalar aparmaq olar. Məsələn, künc zərbələrinin sayı: Lüksemburq – 8, Azərbaycan – 3. Necədir? Məhz bu rəqəmlərə uyub Azərbaycan yığmasının Böyük Hersoqluğun kiçik komandasına ümumi hesabdan başqa heç nə ilə üstün gələ bilməməsini iddia etməyə dəyərmi? “Əlbəttə yox” – deyəcəksiniz siz. “Tələsməyin” – deyəcəyik biz.
Statistika oyunun axarını bariz şəkildə göstərəndə ona inanmağa və onu əsas kimi götürməyə dəyər. Və fakt odur ki, Bakı vaxtı ilə martın 3-dən 4-ə keçən gecə Lüksemburq Azərbaycan yığması ilə müqayisədə daha çox hücum etdi və daha yaxşı oynamağa çalışdı. Alındı, ya alınmadı – bu artıq sırf ustalığın məhsuludur.
Biz Azərbaycan yığmasını ustalıq səviyyəsi baxımında daha yüksək hesab edirik. Düz də edirik. Bu özünü vurulan qollarda və bu qolların sayında göstərdi. Millimiz 90 dəqiqə ərzində cəmi üç az-çox yaddaqalan hücum təşkil etdi və bunların ikisi qolla nəticələndi. Vurulan toplarda fərdi səhvlərin, xüsusilə Lüksemburq müdafiəsinin kobud xətalarının az rolu olmadı. Amma Fərid Quliyev və Elvin Məmmədov zəhmətini yerə vurmaq insafsızlıq olardı. Həm də tənqid məqamı ayrı-ayrı futbolçuların yox, bütün komandanın oyunudur. Daha doğrusu, oynamaq istəməməsi və ya oynaya bilməməsi.
Yoldaşlıq görüşləri nə üçün təşkil olunur? Əlbəttə, bu sual ritorik xarakter də ala bilər, amma indiki halda, Azərbaycan yığması üçün sualın konkret və anlaşıqlı cavabı var. Bunu tək biz demirik, bunu İordaniya və Lüksemburqla matçlardan əvvəl həm Berti Foqts, həm də saytımıza müsahibə və qısa açıqlamalar verən futbolçuların özləri söyləyir: xətlərarası əlaqəni yaxşılaşdırmaq, qarşılıqlı anlaşmanı yüksək səviyyəyə gətirmək. Bəs işdə? Beş günə sığan 180 dəqiqə ərzində biz bunun üzərində hər hansı bir fəaliyyət çalarları gördükmü? İndi “əlbəttə yox” demək növbəsi bizimdir.
Həm Ammanda, həm də Lüksemburqda fərdi ustalıq və rəqib müdafiəsinin kobud səhvləri nəticəsində vurulan iki qoldan sonra müdafiəyə çəkilən Azərbaycan yığması gördük. Bu gün fasilədən sonra yalnız bir məntiqli hücum təşkil edən kollektivi necə tərifləyəsən? Əlbəttə, hesaba aldanıb komandanın lokal məqsədinə çatdığını və çox vacib olan qələbə ruhunu “canına hopdurduğunu” iddia etmək olar. Bəs ikinci hissədə Ştrasserin ötürməsindən sonra fərqlənməyə borclu olan Hoffman əlverişli vəziyyətdə topu qapı tirinin üstündən yox, altından vursaydı, indi hansı qələbə ruhundan danışmaq mümkün olardı?
Ardıcıl 3-cü qələbə çox sevindirir, bu, FİFA reytinqində irəliləmək üçüb də yığmamıza real perspektivlər açır, amma yalnız nəticənin varlığına söykəyib açıq-aşkar gözə çarpan problemləri görməmək böyük səhv olardı. Və əgər Berti Foqts da belə səhvə yol versə, onda Azərbaycan yığmasını AÇ-2012-nin seçmə mərhələdə heç də yaxşı perspektivlər gözləmir.
LÜKSEMBURQ - AZƏRBAYCAN 1:2
Qollar: Quliyev, 27 (0:1), Ştrasser, 33 (1:1), Məmmədov, 36 (1:2)
3 mart. Lüksemburq. «Joze Bartle» stadionu. 500 tamaşaçı. Referi: Kari Petteri (Finlandiya)
Lüksemburq: Juber, Blez, Şnell, Ştrasser (k), Peters, Kintsiger (Martino, 64), Hoffman (Payal, 67), Yanisen, Mutç, Betner (da Mota, 54), Kitinqe
Azərbaycan: Kamran Ağayev (Fərhad Vəliyev, 21), Rail Məlikov, Rəşad Sadıqov (k), Ruslan Abışov, Maksim Medvedev, Mahir Şükürov, Samir Abbasov, Aleksandr Çertoqanov (Saşa Yunisoğlu, 46), Rauf Əliyev (Fabio Luis, 56), Elvin Məmmədov, Fərid Quliyev
