5 mart 2010 15:10
Rövnəq Abdullayev mətbuatdan narazıdır
AFFA prezidenti Rövnəq Abdullayev bugünkü Konfransdan sonra jurnalistlərin suallarını cavablandırıb. Azerisport.az xəbər verir ki, assosiasiya rəhbəri müxtəlif məsələlər barədə fikirlərini bildirib.
Lüksemburq və İordaniya
“Son qələbələr futbolçuları rahatladıb. Hətta mənə xəbər verdilər ki, Lüksemburqla oyunun birinci hissəsindən sonra Foqts soyunub-geyinmə otağında futbolçulara iradlarını çatdırıb. Məhz baş məşqçi elə etməlidir ki, oyunçuların uğurdan başı hərlənməsin. Oyundan oyuna yığmanın səviyyəsi qalxacaq. Lüksemburq və İordaniya ən güclü rəqiblər deyil, amma biz təcrübə toplamalıyıq”.
AÇ-2012
“Əlbəttə, mən komandanı birinci yerdə görmək istərdim. Amma başa düşürəm ki, bu, özünüaldatmaqdır. Yığma neçə xal toplayacaq? Mənim üçün sərgilənən oyun daha vacibdir. Futbolçular uduzanda da gərək kişi kimi uduzsunlar”.
Mətbuat və futbol
“Futbolun mətbuatda, xüsusilə də televiziyada işıqlandırılmasından narazıyam. Lüksemburqla oyuna baxanda başa düşmədim, niyə şərhçi ikinci qolda belə passiv idi? Heç sevinmədi, qışqırmadı”.
Ölkə kuboku
“Qərar gəldik ki, kubokun ilkin mərhələlərini bir oyundan ibarət edək. 1/4 finaldan sonra isə komandalar həm evdə, həm də səfərdə görüşəcəklər”.
Premyer Liqa
“İstərdik ki, komandalar mövsümdə bir-biriləri ilə 4 dəfə qarşılaşsınlar. Hələ dəqiqləşdirməmişik bu proses necə həyata keçəcək: indiki variantla, yoxsa 10 komandanın iştirakı ilə. Mayda bir daha bu məsələni müzakirə edəcəyik”.
Olimpiya stadionu
“Ölkə prezidenti İlham Əliyev Bakıda yeni stadionun tikilməsi ilə bağlı fərman imzalayıb. Bu stadion 60 min azarkeş tutumuna malik olacaq. Layihə artıq hazırdır, işlər tezliklə başlanacaq. Mərdəkanda çimərlik futbolu üçün 6 minlik yeri arena tikiləcək. Bu işi FİFA ilə birgə aparırıq”.
