6 mart 2010 20:00
Sabiq futbolçudan təsirli zərbə
Bu gün Azərbaycan kubokunun 1/4 final mərhələsinə start verilib. Azerisport.az xəbər verir ki, bir neçə dəqiqə əvvəl “Bakı” ilə “Standard” arasında qarşılaşma başa çatıb.
Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matç ümumilikdə bərabər mübarizədə baş tutub. Birinci hissədə hər iki komandanın fərqlənmək şansları olsa da, futbolçular bir neçə epizodda dəqiq oynamayıblar. İkinci hissədə daha şən xarakter alan qarşılaşmada tərəflər hərəyə bir dəfə fərqlənməyi bacarıblar. Əvvəlcə “Bakı” fərqlənib: Aleksandr Şoliç – Əziz Quliyev – Fabio Luis Ramim kombinasiyasını sonuncu dəqiq zərbə ilə yekunlaşdırıb. Çoxları “zolaqlılar”ın qələbə qazanacağını düşündüyü bir vaxtda səhnəyə “Bakı”nın keçmiş futbolçusu Amiran Muciri çıxıb və 89-cu dəqiqədə cərimə zərbəsindən vurduğu möhtəşəm qolla komandasına çox vacib heç-heçə gətirib. Qol yerli futbolçuların narazılığına səbəb olsa da (onlar dirəyə dəyən topun qapı xəttini keçmədiyini iddia ediblər), referi Əfqan Həmzəyev onu hesaba alıb. İndi Sumqayıtda “Standard”I qolsuz bərabərlik də qane edir.
Nəzərinizə çatdıraq ki, 1/4 finalın digər üç oyunu sabah baş tutacaq: “Qarabağ” – XL, “Simurq” – OŞ, “Neftçi” - “İnter”.
