Baş-ayaq sistemlə mübarizə
AFFA teleyayım hüquqlarını klublara qaytarır.
Azerisport.az xəbər verir ki, bu cümlə dünya “Futbol – TV” münasibətlərinə xas olmasa da, Azərbaycan reallıqlarına tam uyğun gəlir. AFFA prezidenti futbolun televiziyada təbliğ olunmasından narazı qalıb və məhz onun tövsiyəsi ilə növbəti mövsümdən etibarən milli çempionatın oyunlarının yayım hüququ klublara qaytarılacaq.
Təbii ki, indiki vəziyyətdə bütün daşlar AzTV və onun idman sahəsi üzrə ixtisaslaşmış filialı olan “İdman Azərbaycan” tərəfinə atılır. Bu cür qərardan ən çox əziyyət çəkən də məhz adıçəkilən kanallar olacaq.
Bugünlərdə AzTV – “Unibank” Premyer Liqası münasibətlərinin hansı müstəvidə inkişaf etməsindən söhbət açmışdıq. Buna görə də, təkrarçılığa çox yol vermədən bildirək ki, bu sevdada uduzan məhz keçmiş dövlət kanalıdır. Aydındır ki, Azərbaycan futbolunda indi dövr edən pullarla müqayisədə kifayət qədər simvolik məbləğə alınan yayım hüququ AzTV-yə yalnız “sosial nüfuz” baxımından önəmlidir. Bu telekanalın auditoriyası böyük deyil, müvafiq olaraq, reklam sahəsində də çox uzağa gedə bilməyib. Sadəcə, dövlət büdcəsi hesabına yaradılan “İdman Azərbaycan” ölkənin ən nüfuzlu idman turnirlərini işıqlandırmağa BORCULUDUR. “Unibank” Premyer Liqası da belələrindən sayıldığından, ötən il yayım hüququ uğrunda aparılan gərgin mübarizənin əsl səbəbləri üzə çıxır. Digər kanallar futbol hesabına auditoriya yığmaq, dolayısıyla reklam cəlb etmək istəyirdilərsə, AzTV-nin məqsədi yalnız qarşısına qoyulan “kvartal planı”nı doldurmaq idi. Lap SSRİ-də olduğu kimi...
PFL və TV arasındakı maliyyə münasibətləri isə hansısa rəmzi məbləğlə ölçülür və yalnız formal xarakter daşıyır.
Bütün bunlardan görünür ki, keçmiş dövlət kanalı sürətlə Avropa standartlarına yaxınlaşmağa çalışan Azərbaycan futbolunun real iddiaları ilə ayaqlaşa bilmir. Amma nə qədər qəribə səslənsə də, yayım hüququnun klubların özlərinə verilməsi... tamamilə yalnış addımdır.
Biz rəqabətədavamlı ölkə çempionatı istəyiriksə, ilk növbədə onu populyarlaşdırmağı bacarmalıyıq. Çempionata sponsor marağını artırmaq üçün televiziyanın böyük rolu var. Çünki sponsoru yalnız onun potensial müştərisi maraqlandırır və tutaq ki, hər hansı bir qab şampunu istehsal edən şirkətin futbola ciddi maraq göstərməsi de-fakto mümkün deyil. Səbəbi sadədir: qab şampunlarının potensial alıcıları – evdar qadınları futboldan daha çox Cənubi Amerika teleserialları maraqlandırır.
Amma, məsələn, “Unibank” və onun kimi digər bankları cəlb etmək mümkündür. Bunun üçün isə Azərbaycan futbolunun konkret auditoriyası formalaşmalıdır. Bu auditoriyanı kim formalaşdırır? Bəli, mətbuat, böyük ölçüdə, TV. Deməli, çempionatın oyunlarını ölkənin ən çox baxılan telekanalı yayımlamalıdır.
Bundan əlavə, turnirin yayımında mərkəzləşdirilmiş sistemin olması vacibdir. Bu, auditoriyanın təmərküzləşməsinə şərait yaradacaq. Yoxsa bir klubun oyununu bir kanal, digərinkini digər kanal versə, azarkeş seçim qarşısında qalacaq. Auditoriyanın haçalanması isə reklam maraqlarına ciddi zərbədir.
Sadəcə, mərkəzləşdirilmiş sistem yaradılarkən PFL çox ciddi tələblər qoymalı və tələbələrin yerinə yetirilməsinə nail olmalıdır. Əks halda, bizdə TV – futbol münasibətləri indiki kimi başlı-başına olacaq və futbol klubları televiziyadan pul qazanmalı olduqları halda, televiziya klublardan pul qazanmağa davam edəcək.
