8 mart 2010 01:14
Qəhrəmanlar və qəhrəmanlıq
Bu gün keçirilən üç oyunla ölkə kubokunun 1/4 final mərhələsi “mərkəz xətti”ni keçdi. Azerisport.az xəbər verir ki, nəticələr gözlənilməz alınmasa da, hər şeyin “planlaşdırılan ssenari” ilə getdiyini də söyləmək olmaz.
Əncəbi futbolçuların transferinə böyük pulların xərclənməsinə, böyük iddialara və böyük danışıqlara rəğmən “Neftçi” və “Bakı”nın bugünkü durumu yalnız təəssüf və təəccüb doğurur. Aydındır ki, kubok nəticəsi çox çətin proqnozlaşdırılan turnirdir, amma qarşısına “qızıl dubl” məqsədi qoyan “Bakı”nın “Standard”la görüşdə çəkdiyi əziyyətə və əldən buraxdığı qələbəyə nə ad verəsən? Hər şeyi Amiran Mucirinin mübahisəli qoluna və pley-off turnirinin spesifikasına yazmağa tələsməyin; “zolaqlılar” onsuz da bu mövsüm ürəkağrıdan və cansıxıcı oyundan başqa heç nə ilə yadda qalmayıblar. Və bu gedişlə komanda avrokuboklardan kənarda qalmaq təhlükləsi ilə üzləşir. Diqqət yetirin: “Bakı” premyer liqada nə “İnter, nə “Qarabağ”, nə də “Xəzər Lənkəran”dan güclü deyil, ölkə kubokunda isə “Standard”la xalları yarı bölür. Əlbəttə, Sumqayıtda bu rəqibi məğlub edib yarımfinala adlamaq olar. Amma evdə bir topdan artıq vura bilməyən və qapısının toxunulmazlığını qorumağı bacarmayan kollektivin səfərdə qəhrəmanlıq göstərəcəyinə kim zəmanət verə bilər? Təəssüf ki, indiki halda, nə vaxtsa çox qorxulu rəqib sayılan “Bakı”nın səfərdə “Standard”ı məğlub etməsi məhz qəhrəmanlığa bərabərdir.
”Neftçi”ni isə heç qəhrəmanlıq da xilas etməyəcək. Ölkənin ən titullu klubu artıq ən sadiq azarkeşlərini də bezdirmiş dərin böhran içindədir. Bu böhranın ucu-bucağı görünmür və nə vaxtsa tunelin sonunda zəif də olsa, bir işıq parıltısının gözləri qamaşdıracağına indi adamın inanmağı gəlmir. “Neftçi”ni bu böhran müddətində daha kimlər “sağaltmağa” çalışmadı? Rəhbərlikdə neçə dəfə dəyişiklik edildi? Futbol ictimaiyyəti artıq bu sayı itirib. Lakin uzağa getmək lazım deyil, günahı klubun bərbad transfer siyasətində axtarmaq lazımdır. “İnter”in ustalıq hesabına vurduğu qol üç qol cütün taleyini de-fakto həll etdi. On gün sonra bu sözün qarşısında “de-yure” yazacağımıza nəinki biz, heç “Neftçi”nin ən sadiq və nikbin azarkeşləri də şübhə etmir. “İnter” heç vaxt öz qapısından üç və ya dörd top buraxan komanda olmayıb. Burada qəhrəmanlıq da yetməz...
Qəhrəmənlıq mövzusunu davam etdirsək, “Qarabağ”a toxunmamaq mümkün deyil. Yox, əlbəttə, matçların icmalında hər bir oyuna toxunacaqdıq, “Qarabağ” – XL görüşü də bu baxımdan istisna olmayacaqdı. Amma indiki halda söhbət məhz qəhrəmanlıqdan gedirsə, bu keyfiyyətin ən yaxşı nümunəsini bu gün ağdamlıların göstərdiyini mütləq qeyd etməliyik. XL tez fərqləndi və belə görünürdü ki, Cənub klubu bu üstünlüyü əldən verməyəcək, ya da ən azından özü üçün sərfəli heç-heçə hesabını qorumağı bacaracaq. Lakin səhnəyə əvvəlcə Rəşad Sadıqov, sonra isə albaniyalı cütlük – Elvin Begiri və Admir Teli çıxdılar. Həmyerlisinin səhvindən istifadə edən “Qarabağ”ın müdafiəçisi Qurban Qurbanovu bir daha sevindirdi. Bu sevinc nə qədər çəkəcək? Sual ritorik xarakter daşısa da, Lənkərandakı görüş 1/4 final mərhələsinin bəzəyi olacaq.
Nəhayət, sonuncu matç. Faktiki olaraq, mövsümün uğursuzlarının və xoşbəxtliyi kubokda axtaranların dueli. Zaqatalada maraqlı heç nə izləmədik, hərçənd Roman Pokoranın fərqli heyətlə çıxış edən komandası qələbə qazanmağa daha yaxın idi. “Simurq” “Olimpik-Şüvəlan”ı Şimal-Qərb bölgəsindən növbəti dəfə əliboş yola salmaq üçün bir neçə şans qazandı. Lakin bu şanslardan istifadə edilməyincə, bütün suallara Bakıda aydınlıq gələcəyi məlum oldu. Cütün taleyini, heç şübhəsiz, bir qol həll edəcək. Bəlkə də bu qol penalti seriyasında vurulacaq.
“Bakı” – “Standard” 1:1
Qollar:Fabio, 56 (1:0), Muciri, 89 (1:1)
“Neftçi” – “İnter” 0:3
Qollar: Poşkus, 49 (0:1), Odikadze, 73 (0:2), Poşkus, 88 (0:3)
“Qarabağ” – “XL” 2:1
Qollar: Opara, 19 (0:1), Sadıqov, 59 (1:1), Teli, 90 (2:1)
“Simurq” – OŞ 0:0
Cavab oyunları
16 mart: “Standard” – “Bakı”, OŞ – “Simurq”
17 mart: “İnter” – “Neftçi”, XL – “Qarabağ”
