8 mart 2010 23:18
Gülməli və ağlamalı divizion
Dünən MOİK – “Bakılı” oyununda baş verən insident azarkeşlərin yadına saldı ki, bizim ölkədə də birinci divizion adlı turnir var və orada premyer liqaya vəsiqə uğrunda mübarizə aparırlar.
Amma Azerisport.az xəbər verir ki, bu turnir yalnız rəmzi xarakter daşıyır – beynəlxalq qurumlara Azərbaycanda iki peşəkar divizionun olduğunu göstərmək üçündür. Əslində isə birinci dəstə yalnız statistika naminə yaradılıb. Yaxud da bugünkü proseslər belə danışmağa əsas verir.
Peşəkar Futbol Liqasının rəsmi saytında “I divizion” adlanan xüsusi bölmə var. Bu bölməyə daxil olmaqla ölkənin səviyyəcə ikinci və ən aşağı liqasında baş verənlər barədə xəbər tutmaq olar. Saytın əməkdaşlarını təbrik etməyə dəyər; onların vəzifə borclarını yüksək səviyyədə yerinə yetirməklə birinci divizionu işıqlandırırlar. Siz də baş çəkin – orada hətta matçların protokolları da operativ qaydada yerləşdirilir.
Amma təəssüflər olsun ki, bu bölmə tək-tük idman nəşrlərindən və birinci divizionda çıxış edən futbolçuların özləri və onların qohum-əqrəbalarından, tanış-bilişlərindən başqa heç kəsi maraqlandırmır, maraqlandırmayacaq. Çünki orada baxmağa bir şey yoxdur və bombardirlər siyahısında 9 topla birinci olan “İzzətəli Süleymanov” ad-soyadı çətin ki, sizə nəsə desin.
Birinci dəstədə 12 komanda çıxış edir. Bunlardan bir neçəsinin – “Göyəzən”, “Şahdağ”, MOİK kimi klubların müəyyən tarixi var (əlbəttə, Azərbaycan şəraitində). Aşağı liqada Gəncə, Mingəçevir kimi əsl futbol şəhərlərinin də klubları çıxış edir. Lakin mənasız, məqsədsiz, iddiasız.
Onsuz da premyer liqaya heç kəs çıxmayacaq. Çünki AFFA rəhbərliyinin 10 komandalı çempionata keçidi müzakirə etdiyi ərəfədə birinci dəstədə yüksək liqaya kiminsə yollanması gülməli və ağlamalı görünür. Bu halda, 12 komandadan 10 komandaya keçmək üçün, reqlamentə əsasən, premyer liqanı 4 kollektivin tərk etməsi gərəkdir. Yəni bu gün üçün “Karvan”, “Standard”, “Muğan” və “Turan”ın. Kim AFFA və PFL rəhbərliyinə Yevlax, Sumqayıt, Salyan və Tovuzun futbolsuz qalmasını bağışlayar? Şübhə yoxdur ki, adıçəkilən klubların birinci diviziona düşməsi ilə belə də olacaq: heç birinin rəhbərliyi pul xərcləyib komanda saxlamaq istəməyəcək. Nəticədə biz “Şəmkir”, “Kəpəz” və “Viləş”in sırasına daha bir zəngin tarixli komandanı – “Turan”ı da göndərəcəyik.
Çünki birinci divizionda stimul yoxdur. Çünki hər şeyi baş-ayaq olan Azərbaycan cəmiyyəti piramidanı tərsinə qurur. Çünki özünü Azərbaycan futbolunun xilaskarları hesab edən şəxsləri yalnız kabinetlər, kürsülər və böyük pullar maraqlandırır. Çünki onlar başa düşmürlər ki, yüksək liqa klublarının inkişafı üçün rəqabət vacibdir və bu rəqabət birinci diviziondan gəlməlidir.
Güclü birinci diviziondan. Bakı Dövlət Universitetinin fakültələrarası çempionatından da az maraq doğuran bugünkü birinci diviziondan yox.
