8 mart 2010 00:25
Qlen Şiller: Abışovun oyunu ilə bağlı hesabatı artıq rəhbərliyə təqdim etmişəm
Bu gün “Neftçi” – “İnter” oyununu izləmək üçün stadiona Norveçin “Valerenqa” klubunun nümayəndəsi Qlen Şiller də gəlmişdi. Ruslan Abışovu diqqət mərkəzində saxlayan norveçli skaut matçdan sonra qısa da olsa, Azerisport.az-ın müxbirinin suallarını cavablandırdı.
“Neftçi” – “İnter” oyunu sizdə hansı təəssüratları oyatdı?
Texniki cəhətdən hər şey yüksək səviyyədə idi, amma sürətin aşağı olduğunu deyərdim.
Siz ilk dəfə idi ki, Azərbaycan çempionatının oyununa baxırsınız?
Yox. Canlı şəkildə birinci dəfədir, amma buna qədər xeyli sayda DVD izləmişəm.
Məlumdur ki, siz Ruslan Abışovu izləmək üçün gəlmisiniz. Oyununu bəyəndinizmi?
Bəli.
Hətta buraxdığı səhvlərə rəğmən? Üçüncü qolda “İnter”in hücumçusu məhz onu keçərək fərqləndi.
Ruslan Abışovu DVD-də xeyli izləmişəm, onun səviyyəsinə bələdəm. O ki qaldı səhvlərə, bunlar texniki xətalar idi və istənilən müdafiəçi belə səhvlərə yol verə bilər.
Abışovun hansı keyfiyyətlərini bəyənirsiniz?
O, çox yaxşı müdafiəçidir və inamlı təsir bağışlayır. Onda sərbəstlik var.
“İnter”lə oyun onun barədə fikirlərinizin dəyişməsinə səbəb olmayacaq ki?
Tamamilə. Onun səhvlərini şişirtməkdən xeyli uzağam.
Skandinaviya ölkələrindən hansının çempionatında Ruslan çıxış edə bilər?
Hər birində problemsiz.
Bəs səviyyəcə necə klublarda?
Ortabab və güclülü klublar arasında.
Oyundan dərhal sonra 15 dəqiqə telefonla danışdınız. Artıq işinizlə bağlı hesabatı təqdim etdiniz?
Bəli.
“Valerenqa” və “Neftçi” arasında danışıqlar nə vaxt başlanacaq?
Bu barədə sonra danışarıq.
Bu gün meydançada Norveç çempionatında çıxış edə biləcək neçə futbolçu var idi?
Onların əksəriyyəti legioner idi, amma azərbaycanlı futbolçulardan ikisi, yaxud üçü bizdə oynaya bilər.
Azərbaycan futbolçularını nə vaxtdan izləyirsiniz?
Altı aya yaxındır.
