Azərbaycan pasportunda möhürlər, yaxud Bizim Kuk
5 il əvvəl – serbiyalı Branimir Subaşiç “Neftçi“yə baxışa gələndə futbol ictiamiyyəti bu futbolçunun hücumçu bacarıqlarına heyran qalmışdl. Onun Fernan Magellan və ya Ceyms Kuka bənzərliklərinin olduğuna isə biz yalnız 5 il sonra diqqət yetirdik.
Azerisport.az xatırladır verir ki, Branimir Subaşiç milliyətcə serb olsa da, o, yaşıl rəngli Azərbaycan pasportunu daşıyır və bütün dünyanı dövlətimizin bu kiçik atributu ilə dolaşır. Son bir ilə qədər biz kifayət qədər gənc olan Subaşiçin səyahət etmək sevgisinə elə də diqqət yetirmirdik. Əlbəttə, “Neftçi”yə qədər onun Belçika, Fransa, Ukrayna və Rusiyada çıxış etdiyindən xəbərdar idik, amma bunu futbolçu həyatının tələblərinin ayağına yazaraq, məsələnin üstündən səssiz-səmirsiz keçirdik. Üstəlik, Branimir özü də Azərbaycan yığmasında oynayır və vurduğu qollarla bizi sakitləşdirirdi.
Lakin insan təbiəti unutqan və dəyişkəndir. “Neftçi”dən qalmaqalla ayrılan, “İnter”lə müqavilə bağladığı əminliklə bildirilən, günlərin bir günündə isə “uşaqlıq arzularının komandası” “Srvena Zvezda”da peyda olan Subaşiç indi bizim üçün qeyri-futbol müstəvisində daha çox maraq kəsb edir. Banya (onu belə adlandırırlar) qanuni və ya qanunsuz alındığı naməlum olan Azərbaycan Respublikasının xarici pasportunu cibində gəzdirərək, dünya torpağını qarış-qarış tapdalayır. Bir aralar Çində çıxış edən, sonra Serbiyaya qayıdan, ardınca səsi Türkiyədən, müəyyən müddət keçmiş Ukraynadan gələn azərbaycanlı forvard Branimir Subaşiç indi futbolçu kimi heç kəsə lazım deyil. Azərbaycanda ona qucaq açmaqdan bəlkə də imtina etməzlər, amma bizim klublara müqaviləsi olan futbolçu gərək deyil. Hücumçu isə, deyəsən artıq nifrət etdiyi “Srvena Zvezda”dan heç cür ayrılıb “müstəqilləşə” bilmir.
Subaşiç müsahibə verməyi çox sevir. Bu sətirlərin müəllifi Branimirlə bir neçə dəfə söhbət edib və müsahibələrin birində forvard özü haqqında bütün qəzet materiallarını toplayıb atasını göndərdiyini bildirmişdi. Amma son vaxtlar Banya lap çox danışır. Lap çox danışan insan isə hər iki cümlədən bir səhv buraxmağa məhkumdur. Srağagün gerbini öpdüyü ölkənin yığma komandasından dünən imtina edən, dünən “Azərbaycan millisinə qayıtmağa hazıram” deyib bu gün Azərbaycana “ölkəmiz yox, ölkəniz” deyən subaşiçkimilər sizə lazımdırmı?
Bəlkə də bu gün Berti Foqtsun onun kimi hücumçuya ehtiyacı var. Amma unutmayaq ki, son vaxtlar futbol oynamaqdan çox Azərbaycan pasportunun səhifələrini viza möhürləri ilə doldurmaqla məşğul Subaşiç həmin Subaşiç deyil.
P.S. Avstraliyanı kəşf edən Ceyms Kuku Havay adalarına səyahət zamanı aborigenlər öldürmüşdülər.
