10 mart 2010 01:33

Neftçi – bizim Yuventus

Ölkənin ən titullu klubu böhrandan nə vaxt çıxacaq? İndi bu sual hamını düşündürür. Amma suala tutarlı cavab verə biləcək insanların sayı sıfır həddindədir.
 
Azerisport.az maraqlı analogiya tapıb; “Neftçi” indi “Yuventus”a çox bənzəyir. İstehza ilə gülümsəməyə tələsməyin və hər sətiri diqqətlə oxuyun. Onda anlayacaqsınız ki, həqiqətən də Azərbaycanın və İtaliyanın ən titullu klublarını tərəzinin eyni gözünə qoymağa dəyər.
 
Elə ilk bənzərliyə bundan əvvəlki cümlədə diqqət yetirdiniz. “Yuve” İtaliya üçün nə qədər vacib “strateji futbol obyekti”dirsə, “Neftçi” də Azərbaycanın kasıb futbol təsərrüfatı üçün bir o qədər önəmlidir. “Qoca sinyora”ya Appenin yarımadasında milyonlar pərəstiş edir və bu milyonlar indi ürəyini tutub zəngin ənənələrə malik klubun yazıq gününə ağlayır. “Neftçi” “Sinyora” qədər qoca deyil, amma o da Azərbaycan üçün “Yuventus” əhəmiyyətinə malikdir, çünki bir Azərbaycan azarkeşi özü kimi on milyonlarla postsovet məkanı ölkələrindən olan futbol azarkeşləri qarşısında məhz 1966-cı il SSRİ çempionatının bürünc mükafatçısı ilə öyünə bilər. Və həmin futbol azarkeşi də bu gün dəsmal götürüb “Neftçi”nin qanı dayanmayan yaralarını silməklə məşğuldur.
 
İki ölkənin ən titullu klubları, ilk ölkənin futbolunun “simaları”, iki ölkənin sevimli “ağ-qara” komandaları…
 
Bu gün Turində klub rəhbərliyini çox tənqid edirlər. Futbolu bəlkə də mütəxəssislərdən daha yaxşı bilən orta statistik italiyalı azarkeş rəhbərliyi bərbad transfer siyasəti, yanlış məşqçi seçimi, digər səhv qərarlar üzündən amansız tənqidlərə məruz qoyur və…xilaskar axtarır. Klubun canlı əfsanəsi və tarixinin ən uğurlu vaxtlarında aparıcı qüvvələrindən biri olmuş Roberto Betteqanın yenidən rəhbər vəzifəyə dönüşü “tifozi”ni bir qədər sakitləşdirib. İndi onlar məşqçi kürsüsünə əyləşə biləcək xilaskar axtarırlar və başa düşürlər ki, Alberto Dzakkeroni müvəqqəti füqurdur. Namizədlərin arasında Marçello Lippi və Fabio Kapellonun adları çəkilir…
 
Xülasə, “Yuventus” yenidən zirvəyə qayıtmaq istəyir. Artıq üç ildir. Üç ildir ki, bu dönüş mövsümdən-mövsümə təxirə salınır. Və məhz bu amil onu “Neftçi”yə (və ya “Neftçi”ni ona) çox bənzədir.
 
“Neftçi” artıq beş ildir zirvəyə qayıtmaq üçün cəhdlər göstərir!.. Amma bu cəhdlər yetərsizdir və yetərsiz olacaq, çünki uğurun başlıca şərti sabitlikdədir. Ağasəlim Mircavadovun gedişindən sonra nə Qurban Qurbanov (bir), nə Vlastimil Petrjela (iki), nə Anatoli Demyanenko (üç), nə Hans-Yurgen Gede (dörd), nə Böyükağa Ağayev (beş), nə Vaqif Sadıqov (altı – beş ilə altı baş məşqçi!) buna nail ola bilmədi. Və çətin ki, bundan sonra gələcəyi ehtimal və proqnoz olunan İqor Ponomaryov, Böyükağa Hacıyev, Bülənt Qorxmaz… Fatih Terim, Joze Mourinyo və Qoca Xottabıç buna nail ola bilsin. Sistem səhv olanda…
 
Bəs “Neftçi” nə etsin?
 
Yada “Yuventus” analogiyası düşür. Amma “Neftçi” Turin klubu kimi ola bilməyəcək. Çünki....
 
...Keçmiş flaqman (azarkeşlər bizdən inciməsin) bir futbol klubu kimi qeyri-sabit, sistemsiz və birbaşa dövlətin (Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin) tabeçiliyində olan təşkilatdır;
 
...Böyük ənənələrə rəğmən, bu klubun (məhz klubun, komandanın yox) tarixində iz qoymuş bir şəxsiyyət gözə dəymir. Bəlkə Ramin Musayev... Amma o da indi daha yüksək vəzifə tutur;
 
...Yenidən flaqmana çevrilmək istəyən “Neftçi”yə nə Kapello, nə də Lippi gəlməyəcək. Azərbaycan reallıqlarında isə heç olmasa, Azərbaycan futboluna bu iki mütəxəssisin İtaliya futboluna verdiyi xeyirin 10%-i qədər fayda verən məşqçi görünmür;
 
Sonuncu bəndlə razılaşmayıb, bir neçə absaz yuxarıda “Ağasəlim Mircavadovun gedişindən sonra...” ifadəsi ilə başlayan cümləni əsas gətirib ölkənin ən titullu məşqçisinin adını çəkəcəksiniz. Amma Mircavadov indi “Xəzər Lənkəran”ı çalışdırır.
 
...Ağ, qara, ağ, qara... Bunlar həyatın rəngləridir. Qara zolaqdan sonra mütləq ağ zolaq gələcək. İndi “Neftçi” azarkeşləri yalnız buna ümid edə bilər.
 
“Yuventus”dan narahat olmayın. Bu klubun gələcəyindən qorxmağa dəyməz.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.