11 mart 2010 01:00
Bülənt Qorxmaz Bakının Qalatasaray kimi olmasını istəyir
“Bakı”nın baş məşqçisi Bülənt Qorxmaz “Qarabağ”la matç ərəfəsində azerisport.az-ın müxbirinin suallarını cavablandırıb.
“Standard”la ölkə kubokundakı oyununuzu bəyəndiniz?
Gizlətmirəm: yetirmələrin imkanlarından aşağı səviyyədə çıxış etdilər. Oyundan xoşum gəlmədi. Matçdan sonra onlarla söhbət etdik, səhvlərini başa saldıq. Əlbəttə, rəqibin ifasında yaxşı oyunu da unutmaq olmaz. Amma bu bizə belə futbol göstərməyə haqq vermir. Çünki qarşımıza böyük hədəflər qoyulub.
Futbolçular cəzalanacaqmı?
Futbolçularım barədə mətbuatda danışmayacağam. Konkret onu deyə bilərəm ki, hücumçular ümidləri doğrultmadılar. Cinahlar da işləmədi. Heç evdə belə oynamaq olarmı? Qələbə gözləyirdim. Məşqlərdə ən yaxşı olanlar “Qarabağ”la görüşdə meydana çıxacaqlar. Heyətdə ediləcək dəyişiklikləri oyun vaxtı görəcəksiniz.
Legionerlər də çox zəif oyun sərgilədilər...
Bütün komanda pis idi. Bilmirəm, nə baş vermişdi. Əmin ola bilərsiniz ki, matçdan sonra onlar öz səhvlərindən xəbər tutdular. Oyun ərzində bir dənə də olsun ciddi hücum təşkil olunmadı. Belə qələbə qazanmaq olarmı? Bunun üzərində işləmək lazımdır.
“Qarabağ” haqqında nə deyə bilərsiniz?
Azərbaycanda ən yaxşı komandalardan biridir. Onların oyununu çox bəyənirəm. Kollektiv şəklində mübarizə aparırlar. Rəqibin heyətində 7-8 yığma üzvü var. Bu onlar üçün müsbət cəhətdir. Buna görə də asan matç gözləmirəm.
Sizin komandada da bu qədər yığma üzvünün olmasını istərdiniz?
Əlbəttə! “Qalatasaray”ın qızıl illəri yadınızdadırmı? O zaman bizdə 4-5 milli futbolçu çıxış edirdi. Yığmanın üzvləri həmişə yüksək səviyyəli futbolçular olur. İndi biz bir neçə yerli futbolçu ilə danışıq aparırıq. Axı yeni mövsümdən limit 3+8 olacaq.
“Qarabağ” – XL matçını izlədinizmi?
İzlədim. Oyuna köməkçilərim də baxdılar və matçın yüksək səviyyədə keçdiyini bildirdilər. Quzanlıda meydança pis vəziyyətdədir. Məhz bu amil komandalara daha yaxşı oynamağa mane oldu.
Ağdamlılara qalib gələ biləcəksinizmi?
“Qarabağ”a qarşı necə oynamağın vacib olduğunu bilirəm. Yadınızdadırsa, birinci mərhələdə Ağdamda heç də pis futbol sərgiləmədik. Futbolçularım ağdamlılara qarşı necə hücum qurmalı olduqlarından xəbərdardırlar. Bizə bu 3 xal lazımdır. Onu rəqibə vermək fikrimiz yoxdur.
