11 mart 2010 14:55
Cümə günü futbol? Bəs bazar günü?
“Olimpik-Şüvəlan” PFL-ə etiraz edir və liqanı milli-mənəvi dəyərlərimizə zidd hərəkət etməkdə günahlandırır. Azerisport.az bu qədər dərinə getməyəcək, amma bildirir ki, PFL-in qarşıdakı bir həftə üçün təsdiqlədiyi təqvim doğrudan da bir qədər qəribədir.
Əlbəttə, orta statistik azərbaycanlı üçün – bu kateqoriyaya futbolçu və məşqçilər də daxildir – bayram axşamları – martın 20 və 21-də evdə olmaq vacib şərtdir. Bunun bütün elarası sınaq və deyim tərəflərini bir kənara qoyub, mənəvi tərəflərini əsas götürək; ən əziz bayramı ailə ilə qarşılamaq heç şübhəsiz, daha xoşdur, nəinki iş yoldaşlarınla, məsələn, avtobusda. “Olimpik-Şüvəlan”ın təxminən belə duruma düşəcəyi gözlənilir, çünki şüvəlanlılar Novruz bayramı günündə Zaqataladan Bakıya qayıdacaqlar. Amma bu mübahisəni buraxaq PFL və OŞ-un öhdəsinə.
Bizi maraqlandıran fakt başqadır. Necə olur ki, Peşəkar Futbol Liqası Azərbaycan kubokunda çıxış edən komandaların yüklənmə problemini nəzərə alır, amma futbol ictimaiyyətində çalışan insanların ailələrini, övladlarını yox? Axı futbol təkcə futbolçu və məşqçilər deyil. Bu, həm də klub funskionerləri, inzibatçılar, massajçılar, həkimlər, stadion işçiləri, AFFA və PFL əməkdaşları, jurnalistlər kimi daha onlarla ailə sahibi, ata, ana, övladdır! Əlbəttə, futbol bayram oyunudur və illərin sınağından çıxıb ki, futbolu məhz istirahət və bayram günlərində oynayırlar. Daha böyük azarkeş cəlb etmək və insanların futbolu canlı izləyə bilməsinə şərait yaratmaq üçün. Həftənin ilk beş günü ən çılğın futbol azarkeşi belə işdən vaxt tapıb stadiona çıxa bilmir. Xüsusilə də, əgər matç, məsələn, saat 15:00 və ya 16:00-da, yəni iş gününün qızğın çağında başlayırsa.
Deməli, PFL OŞ-un simasında klublara və jurnalistlərin simasında futbol ictimaiyyətinə anlatmağa çalışır ki, futbol elə bayramda oynanılar. Bəs bazar günü? Elə uzağa getməyək, məsələn, martın 14-ü? Niyə premyer liqanın Final mərhələsinin ilk turunun oyunları yalnız cümə və şənbə gününə salınıb?
Düzü, bu sualın üstündə xeyli düşündük və son nəticədə cavabı tapdıq. İş orasındadır ki, bizi martın 16 və 17-də ölkə kubokunun matçları gözləyir. Və PFL də təqvimi bir az “boşaltmaq” naminə premyer liqanın oyunlarını bir gün əvvələ çəkib. Lakin bu çox bərbad və absurd qərardır! Çünki tək Azerisport.az qarşıdakı bir həftə üçün təqvimin bir neçə ideal variantını verə bilər.
Məsələn, XL - "Qəbələ", "Bakı" - "Qarabağ", "Simurq" - "Karvan", OŞ - "Standard", "İnter" - "Neftçi" matçlarını (bu komandalardan 8-nin kubokda mübarizəni davam etdirdiyini nəzərə alaraq) martın 13-ə - şənbə gününə təyin etmək, ölkə kubokunun 1/4 final mərhələsinin oyunlarını isə plana uyğun, yəni ayın 16-17-də keçirmək olardı. Üçgünlük interval: həm bərpa prosesi və həm də yerdəyişmələr üçün ideal müddətdir.
Yaxud digər varianta görə, kubokun matçlarını bir günə - martın 17-ə də salmaq olardı.
Bir sözlə, PFL istəsəydi, daha yaxşı variantlar tapardı. Həftənin cümə gününə oyun salmaq, bazar günü isə “istirahət etmək” yalnız bayramqabağı bazarlıq etmək istəyən PFL-in öz əməkdaşlarına sərf edə bilər.
Sonra da hər addımbaşı azarkeşlərin stadiona gəlməməsindən şikayətlənirik. Cümə günü saat 15:00-da stadiona kim gələcək?
