11 mart 2010 23:08
Milli bazarın incəlikləri. İkinci hissə
Birinci yazıda sizi legioner futbolçuların seçimi və onları transferinin incə məqamları ilə tanış etmişdik. İndi növbədə yerli futbolçulardır. Azerisport.az xəbərdarlıq edir ki, bu yazıda təsvir olunan bütün hadisə və söhbətlər realdır.
İndi hər bir Azərbaycan vətəndaşı “Qarabağ”la fəxr edir. Biz də fəxr edir və düşünürük ki, bu komandanın sərgilədiyi oyun, göstərdiyi nəticələr Azərbaycan futbolunun potensialına şübhə ilə yanaşanlara tutarlı bir cavabdır. Futbolumuzda heç olmasa “Rusenborq” kimi zəngin ənənələri olan klubu Avropa Liqasında yenə biləcək potensial var. Lakin problem ondadır ki, bu potensial məhduddur və bir nöqtədə təmərküzləşib.
Azərbaycan yığmasının bu gün start heyətinin 60-70%-nin “Qarabağ”ın futbolçularından qurulması yalnız bu komandanın gücündən xəbər vermir. Bu, həm də üzdə olan yerli oyunçuların faktiki olaraq, Ağdam klubunda toplaşmasının göstəricisidir. Komandanın şərəfini Zaur Həşimov, Aftandil Hacıyev, Emin İmaməliyev kimi futbolçular da qoruyur. Əgər söhbət oyunçuların bir-birilərinə uyğunlaşmasından və konkret sistemdən gedirsə, bəs niyə onda Berti Foqts adıçəkilən “üçlüy”ü də milliyə çağırmır? Almaniyalı mütəxəssisin seçimi bu tezisi alt-üst edir və hər birimizə bir daha anladır ki, seçim zamanı nəzərə alınan yeganə (babalı öz boynuna) faktor futbolçunun yığmanın tələblərinə uyğun gəlib-gəlməməsidir. “Qarabağ”da oynayamayan, lakin yığmada çıxış etmək istəyənlərin sayı çoxdur, amma səviyyə amili buna mane olur.
Bu gün Azərbaycanda milli səviyyəsinə uyğun olan 20-25 arası futbolçu var. Digərləri ya hələ karyerasının qürub çağlarını yaşayır, ya da potensialı müəyyən çərçivədən kənara çıxmağa imkan vermir.
Amma oyun keyfiyyəti klubların yerli futbolçulardan üz döndərməsi üçün yeganə səbəb deyil...
* * *
Premyer Liqa klublarından birinin vitse-prezidenti (vəzifə şərtidir; bu şəxs, sadəcə, klubun aparıcı qüvvələrindədir – azerisport.az) ilə müstəqil jurnalistin diktofondankənar söhbəti.
Vitse-prezident: “...Başa düşürsən, söhbət heç puldan da getmir e. Düzdür, onları razı salmaq çətim məsələdir. Nə qədər versən, bir az da artıq istəyəcəklər. Biz onlarla iş görmək istəmirik. Mədəniyyət xətrinə bir-iki nəfəri götürürük ki, heyətdə oynasınlar, sonra camaat bizi söyməsin. Niyə işləmək istəmirik? Birincisi, onların istədiyi pulun əvəzində 2-3 güclü legioner gətirmək olar. İkincisi, onlardan nə desən gözləmək olar. Aralarında “təmiz”i çox azdır. İndi deyirsən, biz axmağıq? O boyda pul verək, o da axırda bizi qoysun...”
Jurnalist: “Amma, ... , sizdə də yerlilər az deyil”
V/p: “Deyirəm də, sonra camaat üzümüzə tüpürər.Hamısıpis deyil, amma aralarında “parazit”ləri çoxdur. Həm söhbət tək parazitlərdən də getmir. Yaxşı oyunçuların sayı azdır. Hər iki klub iki-üç nəfər götürür, vəssəlam. Bizdə başqa klublara baxanda az deyil, amma özümüz çalışıb eləməmişik. Belə alınıb”.
Azərbaycan futbolunu yaxşı tanıyan və proseslərdən tam xəbərdar olan iki nəfərin söhbəti. Klub rəhbərinin sözlərindən dərhal hiss olunur ki, o, yerli futbolçulardan, xüsusilə də onların yüksək maaş istəməsindən narazıdır. Aşağıdakı mini-dialoqa diqqət yetirin:
- ...250 min. Mən yığmanın üzvüyəm
- Əşi, sən bir gəl, 6 ay oyna. Mövsümün axırında baxarıq. Yaxşı oynasan, artırarıq.
- Yox, inciməyin, alınmaz. 250 min, ilyarım müqavilə. Ya da 6 aya 120 min.
- İndi qalmısan klubsuz. Kimə lazımsan e...
- Mümkün deyil. Verə bilmirsizsə, verməyin. Mən komanda taparam.
Anladığınız kimi, bu dialoq klub rəhbəri və futbolçu arasındadır. Nəzərinizə çatdıraq ki, həmin futbolçu gəncdir, Azərbaycan yığmasında çıxış edir və indi üzdə olan oyunçulardandır. Klub isə Final mərhələsində ilk “altılıq”da mübarizə aparacaq. Hərçənd, bu danışıqlar baş tutmadı və futbolçu başqa – digər iddialı klubla müqavilə bağladı...
* * *
Jurnalistlə vitse-prezidentin söhbətinin davamı.
J: “...Bir şey eşitmişəm. Deyirlər ki, sizin şəxsi icazəniz olmasa, komandaya heç bir futbolçu götürülmür”.
V-p: “Legioner...”
J: ”Niyə məhz legioner?”
V-p: “Baş məşqçiyə güvənmirəm, ona görə”
J: “Seleksiya işlərində?”
V-p: “Əşi, nə seleksiya... Onsuz da seçimi bir yerdə eləyirik, amma onun gətirdiyi futbolçuları götürmürəm. Agentlər şəxsən mənə kimi təklif eləsə, onları yoxlayırıq. Bir dəfə “ağzım yanıb”. Baş məşqçi bir dəfə yapışdı ki, bir futbolçu var, gəlsin baxışa. Gürcüstanlı. Araşdırdım, dedilər ki, buna qədər Azərbaycanda başqa klubda oynayıb. Oyun satandı. Ha dedim ki, lazım deyil, bu belədir, məşqçi dedi “yox, bizə kömək eləyəcək”. Nə isə, götürdük... Üç oyundan sonra qovduq çıxdı, getdi. Bilirsən, niyə baş məşqçi yapışırdı ki, gəlsin? Yəqin başa düşdün də niyə”.
Bu dialoqu ötən yazıya sözardı kimi də qələmə vermək olar, amma iş bunda deyil. Məsələ odur ki, heyəti legioner və yerli futbolçuların vəhdətindən qurmağa məcbur olan klub çox çətin seçim qarşısında qalır. Çünki əcnəbi ucuz olsa da, ona güvənmək çətindir. Üstəlik, baş məşqçinin gizli işlərinə də mane olmaq lazımdır. Yerli futbolçu isə oyun səviyyəsinə görə aşağı, qiymətinə görə isə yuxarıdır. Belə durumda klub iki daş arasında qalır və axırda hər şey göz yumub heyəti formalaşdırır. Çünki bunu yuxarıdan – sponsorlar tələb edirlər və mövsümün sonunda nəticə vermək lazımdır.
Hər bir Azərbaycan klubu milyonları göyə sovurmağa, aldadılmağa, məğlub olmağa və perspektivsiz yaşamağa məcburdur. Çünki futbol klubunun əsas dayaq nöqtələrindən biri olmalı olan transfer siyasəti hər hansı sistemdən kənardır. Burada yalnız “sistemsizlik” adlanan sistem var. Bu isə yalnız bir mövsüm nəticə verər.
Bağa baxarsan, bağ olar, baxmazsansa, dağ olar.
Davamı var...
