Hiddink Türkiyə naminə DÇ-dən imtina etdi
Türkiyə yığmasının yeni baş məşqçisi Qus Hiddink Dünya Çempionatından yeni işi naminə imtina edib. Azerisport.az xəbər verir ki, hollandiyalı mütəxəssis bunu “De Telegraf” nəşrində dərc olunan ənənəvi köşə yazısında qeyd edib.
“Mənim Fil Dişi Sahilinin Futbol Federasiyasının prezidenti Jak Anouma ilə söhbətim olub. Amma qərar verdim ki, bu komanda ilə CAR-a getməyim. Bu qərarı çox çətinliklə verdim, çünki həm Anouma, həm də “Çelsi”də birgə çalışdığım Didye Droqba baş məşqçi olmağımı çox istəyirdilər. Amma qarşıda Türkiyə ilə gərgin iş gözləyir və bu mənim üçün çox vacibdir. Mayda bizim İrlandiya, Çexiya və ABŞ-la yoldaşlıq oyunlarımız var. Bu matçlar futbolçularla daha yaxından tanış olmağa imkan verəcək. Türkiyədə futbolun inkişafına peşəkar yanaşma mənim çox xoşuma gəldi və seçimimdə böyük rol oynadı” – deyə Hiddink bildirib.
