16 mart 2010 01:00
Üç bərabər, bir qeyri-bərabər şans
Bu gün – martın 16-da Bakı vaxtı ilə saat 18.00-da Azərbaycan kubokunun ilk iki yarımfinalçısının adı bəlli olacaq. Azerisport.az xəbər verir ki, oyunların əsas vaxtı bir saat tez başa çatsa da, məsələnin həllinin əlavə vaxta qalacağı da istisna deyil.
İlk baxışdan “Bakı” və “Standard” tam fərqli çəki dərəcələrində çıxış edən boksçu təsir bağışlasalar da, kubok turnirinin spesifikliyi onları bərabərləşdirib. Hətta bir qədər irəli də gedib “Standard”ı mərhələ adlamaq üçün daha şanslı saymaq olar. Bunun səbəbi çox sadədir; oyun başladığı kimi də bitsə, Böyükağa Hacıyevin yetirmələri yarımfinala vəsiqəni bayram edəcəklər – onları 0:0 hesabı tam qane edir. Amma “Bakı” “Bakı” olmaz, əgər vəsiqəni belə rahatca əldən versə. Bülənt Qorxmaz üçün də bu matçın böyük əhəmiyyəti var, çünki məğlubiyyət təqdirində mütəxəssis mövsümdə ikinci tituldan da əlini üzməli olacaq.
Digər cütdə vəziyyət bir qədər də qarışıqdır. “Simurq”un heyətində edilən dəyişikliklərdən sonra komandaların ümumi səviyyəsi bərabərləşib. Bunu elə qolsuz heç-heçə ilə bitən ilk matç da göstərdi. Bu qarşılaşmanın taleyinin əlavə vaxtda, bəlkə də penalti zərbələrində həll ediləcəyi daha inandırıcı görünür. Hər halda, hər iki komandanın hücumda problemləri var. Növbəti 0:0 izləmək ehtimalımız yüksəkdir.
Daha bir qarşılaşmaya proqnoz vermək çətindir. “Qarabağ” və “Xəzər Lənkəran” təxminən bərabərsəviyyəli rəqiblərdir, buna görə də ağdamlıların ilk oyunda 2:1 hesablı qələbəsi tamamilə heç nədən xəbər vermir. Bu görüşü İngiltərə kubokunun pley-off mərhələsinin oyunlarına bənzədə bilərik; komandalar Quzanlıdakı matç unudub Lənkərana köklənəcəklər və cütün taleyi bu oyunda müəyyənləşəcək. Yalnız bir kiçik məqam var ki, “Qarabağ”ı heç-heçə də qane edəcək.
Nəhayət, “İnter” – “Neftçi”. Bu matç barədə yazmaq və danışmaq üçün söz tapmaq çətindir, çünki “bankirlər” hələ bir həftə əvvəl adlarını yarımfinala yazıblar. De-fakto. Bunun “de-yure”yə çevrilməsi üçün daha 90 dəqiqə - ikinci qarşılaşmanın final fitini gözləmək lazımdır. “Neftçi”nin şansları isə həm de-fakto, həm də artıq de-yure sıfıra bərabərdir.
