16 mart 2010 15:48
Everton Araz Abdullayevlə bağlı Neftçiyə rəsmi təklif göndərdi
İngiltərənin «Everton» klubu yarımmüdafiəçi Araz Abdullayevin transferi ilə bağlı «Neftçi» komandasına rəsmi təklif göndərib. Azerisport.az xəbər verir ki, təklifin «Everton»un Beynəlxalq Əlaqələr və Futbol Əməliyyatları Departamentinin rəhbəri David Harrisonun imzası ilə bu gün «Neftçi»nin prezidenti Sadıq Sadıqovun adına gəlib.
Mətnin məzmunu belədir: «Biz sizin oyunçunuz Araz Abdullayevin gələcək futbolçu karyerasını «Everton»da davam etdirməsində maraqlıyıq və bununla bağlı danışıqlara başlamağa hazırıq».
Elnur Əşrəfoğlu məsələnin Sadıq Sadıqovun nəzarətində olduğunu, yaxın günlərdə bununla bağlı geniş rəsmi açıqlama veriləcəyini bildirib.
Qeyd edək ki, Azərbaycan və Şotlandiyanın gənclərdən ibarət komandaları arasında bugünlərdə keçirilən Avropa çempionatının seçmə matçında (2:2) «Everton»un iki meneceri bir-birindən xəbərsiz Arazın oyununu izləyib. Sonradan onlar komandalarının rəhbərliyinə Arazla bağlı müsbət rəy veriblər. Bütün bunlar isə «Everton»nun Arazın transferində israrlı olduğunu göstərir.
