Doğrulan və doğrulmayan proqnozlar
Artıq iki yarımfinaçlı məlumdur. Azerisport.az xəbər verir ki, verdiyimiz proqnozlardan biri doğru çıxdı.
Əvvəlcə tamamilə doğrulan proqnozdan başlayaq. Təxmin etmişdik ki, “Olimpik-Şüvəlan” – “Simurq” cütünün taleyi oyunsonrası penaltilərdə həll olunacaq. Əslində, bunu proqnozlaşdırmaq çətin deyildi. Hər iki komandanın hücumunda problemlər var və hər iki komanda qol vurmaqda böyük çətinlik çəkir.
Komandaların risk etməyi bir yana, rəqib qapısını məyus edə biləcəkləri inandırıcı görünmürdü. Hərçənd, bir dəfə OŞ, iki dəfə isə “Simurq” cütün taleyini əsas vaxtda həll etməyə yaxın oldu. Penalti isə lotereyadır. Və bu lotereyadan Yuri Bulıçov və… Taras Çopikin zərbələrini dəf edən Cahangir Həsənzadə və onun komandası qalib çıxdı. Həlledici anda zərbə vurmaq niyə 38 yaşlı qapıçıya həvalə olundu? Bu suala heç oyunsonrası mətbuat konfransında baş məşqçi Roman Pokora da tutarlı cavab verə bilmədi.
İndi də doğrulmayan proqnoz. Nə qədər qəribə görünsə də, Azerisport.az “Standard”ı mərhələ adlamağa daha yaxın və şanslı görürdü. Hərçənd, “Qarabağ” üzərində inamlı qələbədən sonra gərək fikrimizi dəyişəydik! Bülənt Qorxmazın komandası bu dəfə sumqayıtlılara şans vermədi. İki erkən qol cütün taleyini həll etdi.
Və bu yerdə Böyükağa Hacıyevin ofsayd şübhələri heç yerinə düşmür. “Bakı” ideal formadan nə qədər uzaq olsa da, bu qələbəsi şübhəsiz idi. Deyəsən, Qorxmaz da tənqidlərdən yavaş-yavaş uzaqlaşmaqdadır.
Sabah daha iki komandanın də məlum olacaq. “Olimpik-Şüvəlan” “Xəzər Lənkəran” – “Qarabağ” (ilk oyun – 1:2), “Bakı” isə “İnter” – “Neftçi” (ilk oyun – 3:0) cütlərinin nəticəsini gözləyir.
