18 mart 2010 00:31

Metamorfoza, yaxud Qarabağ hara gedir?

Qarabağ bir həftənin içində ikinci dəfə məğlub oldu. Bu mövsümün komandası üçün bu, xarakterik hal deyil. Azerisport.az səbəbləri araşdırır.

 

İki ay əvvəl, Vaqif Cavadov Tventeyə transfer olunanda futbol ictimaiyyəti bu futbolçunun gedişindən sonra ağdamlıların zəifləyəcəyini proqnozlaşdırırdı. Belə hesab edirdilər ki, komanda yavaş-yavaş mövqeyini itirəcək və həm premyer liqa, həm də Azərbaycan kubokunda yüksək yerlər uğrunda mübarizədən əl çəkəcək. “Cavadovsuzluğun” ilk aylarında Qarabağda bu cür metamorfoza gözə dəymirdi; kollektiv özünə lazım olan xalları toplayır, nəticə qazanırdı. Amma hər iki turnirdə mübarizə həlledici mərhələyə qədəm qoyduqca Ağdam klubunun gərginliyə tam hazır olmadığı açıq-aşkar gözə dəyir.

Bunun üç səbəbi var. Birincisi, Vaqif Cavadovun gedişi. İkincisi, onun əvəzinə yalnız Adamiyanın transfer edilməsi. Üçüncüsü, Qarabağın ümumi potensialının məhdud olması.

Vaqif Cavadovun bu komanda üçün nə dərəcədə əhəmiyyətli futbolçu olduğu barədə geniş danışmağa ehtiyac yoxdur. Yığmanın futbolçusu hələ ustalığını bir qədər də artırmalıdır, amma faktiki olaraq, Azərbaycan şəraitində o, komandanın 25% idi. Bu, futbolda böyük rəqəmdir və belə itki təsirsiz ötüşə bilməz. Kollektiv oyun sərgiləyən Qarabağda Vaqif yeganə futbolçu (müəyyən qədər Elvin Məmmədov və Rəşad Sadıqovun da adını çəkmək olar) idi ki, oyunu öz üzərində götürə və həlledici anlarda matçın taleyini təkbaşına həll edə bilərdi. Mötərizədə adı qeyd olunan Elvin Məmmədov qeyri-sabitliyi, Rəşad Sadıqov isə ampluası üzündən komandaya hücumda Cavadov qədər xeyir verə bilmir. Deməli, sistem müəyyənləşdirən futbolçulardan birini itirən komanda mütləq onu əvəz edi biləcək futbolçu heyətə qatmalı, ya da oyun sistemində dəyişiklik etməlidir. Qarabağ isə nə onu seçdi, nə də bunu.

Georgi Adamiya ümumiyyətlə, heç vaxt sistem müəyyənləşdirən futbolçu olmayıb, bugünkü Adamiyadan isə heç danışmağa dəyməz. Bu futbolçu bir neçə il bundan əvvəllə müqayisədə çox zəifləyib və indi onun Faydalı İş Əmsalı olduqca aşağıdır. Bunu hər birimiz yaxşı başa düşürük. Təxmin etmək olar ki, Qarabağın məşqçi korpusu hamıdan yaxşı anlayır. Bəs qış transfer pəncərəsində yalnız bir transferlə kifayətlənməyə nə ad vermək olar?

Bəlkə də rəhbərlik birinci dövrədəki ruh yüksəkliyinin bütün mövsüm boyu komandaya dayaq duracağına əmin idi. Amma son məğlubiyyətlər göstərir ki, təkcə xarakter hər şey həll etmir. Daha doğrusu, heç nəyi həll etmir.

Yayda Rusenborqu devirən, Avropa Liqasında iki mərhələ adlayan, Tvente ilə Bakıda başabaş oynayan Qarabağın əsas silahı nə taktiki rəngarənglik, nə yüksək texnika, nə də güclü fiziki hazırlıq deyildi. Bu komanda nəticə komanda ruhu və kollektiv oyun hesabına qazanırdı, Qurban Qurbanov da kifayət qədər məhdud materialla vahid mexanizm yaratmağa başlamışdı. Ustalıq səviyyəsi yüksək olan Cavadov, Məmmədov, Sadıqov, Admir Teli, sonradan özünü göstərməyə başlayan Əfran İsmayılov isə bu mexanizmə möhkəmlik və müəyyən rəng çalarları qatırdılar. Komanda əksər oyunlarda minimalhesablı qələbələr qazanır, qolların böyük hissəsi standard vəziyyətlərdən sonra, yaxud da ayrı-ayrı futbolçuların fərdi ustalığı sayəsində vurulurdu. Amma elə yayda, hətta komanda Avropa Liqasında, daha sonra isə Premyer Liqada uğurlu oyunlar seriyasını davam etdirəndə belə, Qarabağın potensialının məhdud olduğu gözdən yayınmırdı. Cəmi iki itki bütün oyun dəst-xəttini poza bilərdi.

Zaman göstərdi ki, proqnozlar doğru çıxıb. Bu gün ehtiyatda sonradan meydana çıxıb oyunun gedişini dəyişə biləcək futbolçu gözə dəymir. Komandanın yarımmüdafiəsinin dayaq zonasında və hücumunda aşkar problemlər var. Bunları həll etmək üçün rəhbərliyə yanvar-fevral aylarında bir aylıq “pəncərə” verilmişdi. Amma bu imkandan istifadə olunmadı

İndi Qarabağ hara gedir sualına cavab tapmaq olduqca çətindir. Qurban Qurbanov xarakteri və intelligentliyi hesabına futbolçuları yenidən ətrafında birləşdirib əvvəlki oyunu qaytarmaq gücündədir. Lakin bunun üçün komandaya hər şeydən əvvəl fiziki güc lazımdır. Bu güc getdikcə tükənməkdədir. Hər halda, bu gün Qarabağ İnter və Xəzər Lənkəranla başabaş mübarizə aparmaq iqtidarında deyil. Hələ son turlar sürət yığan Bakı da bu gedişi saxlasa, ağdamlılara nəinki çempion olmaq, hətta avrokuboklara düşmək də böyük çətinliklə başa gələcək. Əlbəttə, hələ alınsa...

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.