Arsenal Barselonaya, MY Bavariyaya qarşı (YENİLƏNDİ)
Bu gün UEFA-nın Nyondakı mənzil-qərargahında Çempionlar Liqası və Avropa Liqasının 1/4 final mərhələlərinin püşkatma mərasimi keçirildi.
Azerisport.az xəbər verir ki, ÇL-də çərşənbə axşamı və çərşənbə günləri keçirilən oyunlardan sonra aşağıdakı komandalar 1/4 finala vəsiqə qazanıb:
ÇSKA (Rusiya), Barselona (İspaniya), Lion, Bordo (Fransa), Mançester Yunayted, Arsenal (hər ikisi İngiltərə), Bavariya (Almaniya), İnter (İtaliya).
Avropa Liqasında isə ən güclü 8 komanda arasına adını Hamburq, Volfsburq (hər ikisi Almaniya), Valensiya, Atletiko (hər ikisi İspaniya), Liverpul, Fulhem (İngiltərə), Standard (Belçika), Benfika (Portuqaloya) yaza bilib.
Çempionlar Liqasının püşkatması Bakı vaxtı ilə saat 15:00-da başlanıb.
Artıq 1/4 final cütləri məlumdur: Lion - Bordo, Bavariya - MY, Arsenal - Barselona, İnter - ÇSKA.
Maraqlıdır ki, fransız derbisindən əlavə, bizi bu mərhələdə daha iki maraqlı cüt gözləyir. İş orasındadır ki, Bavariya və MY 1999-cu ildə, Arsenal və Barselona isə 2005-ci ildə ÇL-in finalında üz-üzə gəliblər. İlk oyunlar adları birinci göstərilən komandaların meydançasında keçiriləcək. Yarımfinalda isə 1-ci cütün qalibi 2-ci cüt, 3-cü cütün qalibi isə 4-cü cütün güclüsü ilə qarşılaşacaq.
Qeyd edək ki, ötənilki finalın - Barselona - MY - təkrarlanması kifayət qədər realdır.
1/4 mərhələsinin oyunları 30-31 mart və 6-7 apreldə, yarımfinallar isə 20-21 və 27-28 apreldə baş tutacaq. Final - mayın 22-də Madridin "Santyaqo Bernabeu" stadionunda.
Avropa Liqasının 1/4 final cütləri məlumdur: Fulhem - Volfsburq, Hamburq - Standard, Valensiya - Atletiko, Benfika - Liverpul.
Final - mayın 12-də Hamburqda keçiriləcək.
