Hakimlərə qırmızı vərəqə: ehtiyatlı olun, cənablar!
Bu gün UEFA Nəzarət-İntizam Komitəsi ukraynalı hakim Oleq Orexovun ömürlük diskvalifikasiyası barədə qərar qəbul edib.
Azerisport.az UEFA-nın rəsmi saytına istinadla xəbər verir ki, Orexov rüşvət almaqda və oyunların nəticələrinin əvvəlcədən müəyyənləşdirilməsində günahlandırılır. Bu barədə faktları Avropa futbol qurumuna Almaniya polisi təqdim edib. Buna qədər ukraynalı referi ilkin olaraq, 30 günlüyə oyunların idarəçiliyindən kənarlaşdırılmışdı, bu gün isə UEFA yekun qərarı açıqlayıb.
Bu yerdə istər-istəməz Azərbaycan hakimliyi və hakimləri yada düşür. Son vaxtlar müxtəlif mətbu və TV orqanlarında Hakimlər Komitəsi və onun rəhbərliyinin piar xarakterli müsahibələrində keçirilən təlim-məşq toplanışlarından və digər tədbirlərdən ağızdolusu danışılsa da, etiraf etmək lazımdır ki, hakimlik əvvəlki tək bərbad səviyyədədir. Ölkəmizdə barmaqla sayıla biləcək səviyyəli futbol hakimi var. Onların da nə vaxtsa – indi, yaxud bir əvvəl, fərq etməz – çirkin işlərdə hallanıb. Onların hamısı demək olar ki, cəza və diskvalifikasiyalara məruz qalıblar. Azərbaycan kimi bir ölkədə futbol hakiminin heç vaxt rüşvət almadığını demək istehzalı gülüşlə qarşılaşardı. Ona görə də bu cür cümlələr işlədən yoxdur. Əksini deyənlər isə nə qədər istəsəniz...
Rüşvət bizim üçün çoxdan keçilmiş məktəb olsa da, bukmeker və adını futbol agentləri qoyan “qara” şəxslərlə əlbir fəaliyyət hakimliyimiz üçün yeni və hələ tam öyrənilməyən sahədir. Yalnız ona görə ki, bukmekerlərin və şübhəli şəxslərin Azərbaycan çempionatına təsiri minimal səviyyədədir. Bizdə oyunların taleyini kabinetlərdə - klub rəhbərləri tərəfindən həll olunur. Bax burda fit sahibləri “yekun mənzərə”ni müəyyənləşdirir.
Yaxşı ki, Almaniya polisi Azərbaycan futbolu ilə yaxından maraqlanmır. Yaxşı ki, Azərbaycan hakimlik məktəbi Avropada sayılıb-seçilənlərdən deyil. Yoxsa Oleq Orexovun azərbaycanlı həmdərdlərinin sayı bir yox, bir neçə olardı...
Ehtiyatlı olun, cənab hakimlər!
