Novruz tonqalı
Bu gün keçiriləcək üç oyunla “Unibank” Premyer Liqasında 24-cü tura start veriləcək. Azerisport.az vəziyyəti dəyərləndirir.
Düzü, futboldan yazan jurnalistlər işlərini daha da rahatlatmaq üçün çempionatı iki şərti hissəy ayırmağı çox istərdilər. Amma rəhbərlik icazə vermir; ikinci “altılıq” da Azərbaycan çempionatının ayrılmaz tərkib hissəsidir və separatizmə yol vermək olmaz. Hərçənd, PFL özü belə edir.
Novruz bayramını Azərbaycanda az qala bir ay əvvəldən qeyd etməyə başlayırlar. Bayramın özü isə rəsmən üç gün sürür: 20, 21 və 22 mart. Lakin heç kimə sirr deyil ki, xalqımız martın 20-ni bayram axşamı hesab edir və bu gündə hər kəs öz evində, ailəsinin, süfrəsinin başında olmağa çalışır. Futbolçular, məşqçilər və futbol klubunda çalışan şəxslər isə 2010-ci ildə bundan məhrum olacaqlar. Məsələn, Olimpik-Şüvəlan bayramı ən yaxşı halda klubun avtobusunda qeyd etməli olacaq. Çünki saat 18:00-da Zaqataladan çıxıb, 5 saatdan tez evdə - Bakıda olmaq mümkün deyil. Simurq – OŞ matçı isə məhz axşam saat 6-da başa çatacaq…
Amma bayram ab-havasını bir kənara qoyaq: azarkeşləri gərgin oyunlar gözləyir. Bu cümləni nisbi mənada işlətmək daha düzgün olardı, çünki elə həmin Simurq – OŞ oyununun idman prinsipləri baxımından hər hansı bir maraq kəsb edəcəyini gözləmək sadəlövhlük olardı. Hər iki komanda ikinci “altılıq”dakı rəqiblərindən daha üstün görünür. Onların xal ehtiyatı da yaxşıdır.
Digər iki oyun isə prinsipial xarakter daşıyır: Standard – Turan, Karvan – Muğan. Karvan istisna olmaqla, digər 4 komanda turnir cədvəlində yanaşı və çox sıx qərarlaşıb. Premyer Liqada qalmağın taleyi də belə oyunlarda həll olunur.
Martın 21-də isə bayramdan başı açılanlar stadionlara tələsəcəklər. Çempionluq və medallar uğrunda mübarizə hər keçən tur bir qədər də qızışır və hər həftə həlledici mərhələyə qədəm qoyur. Bu mənada İnter – Xəzər Lənkəran dueli turun oyunları arasında xüsusi seçilir.
Həm heyətinə, həm də oyun səviyyəsinə görə əsas rəqiblərindən bir qədər irəlidə görünən “cənublular”la “bankirlər”in Bakıdakı matçı son nəticədə ən güclünü müəyyənləşdirmək baxımından həlledici ola bilər. İndi turnir cədvəlində ikihakimiyyətlilikdir və liderliyi məhz bu iki kollektiv bölüşür. Bundan böyük intriqa ola bilərmi? Qələbə bir komandanı digərindən azı 3 xal uzağa aparır, məğlub olan tərəf isə kürəyində Bakının güclənməkdə olan nəfəsini hiss edir.
O Bakının ki, bu tur heç cür vəziyyətini yaxşılaşdıra bilməyən Neftçi ilə qarşılaşır. İki il öncə bu matç dövrənin oyunu ola bilərdi, bu gün isə böhrandan çıxmağa çalışan və buna çətinliklə nail olan iki kollektiv qarşılaşır. Amma istənilən halda, bu, bir Bakı derbisidir. Adı möhkəm gəlir, ajiotaj böyük olmasa da…
Nəhayət, sonuncu görüş: Qəbələ - Qarabağ. Ramiz Məmmədovun komandası Lənkərandakı böyükhesablı yenilgidən sonra “altılıq”dakı yerinin ədalətli olub-olmadığını şübhə altına salanların cavabını vermək, ağdamlılar isə artıq iki oyundur davam edən məğlubiyyət seriyasını dayandırmaq üçün alışıb-yanır.
Novruz tonqalı kimin xətalarını aparacaq? Kimi alovlu qucağına alıb yandıracaq? Biləcəyik!
