21 mart 2010 18:02
İnter qalib gəldi (YENİLƏNDİ)
Bu gün daha üç oyunla “Unibank” Premyer Liqasının 24-cü turuna yekun vurulur.
Azerisport.az xəbər verir ki, turun mərkəzi görüşü “Şəfa” stadionunda keçirilir: İnter – Xəzər Lənkəran. Bakıxanovda Neftçi – Bakını, Qəbələdə isə yerli komanda Qarabağı qəbul edir.
İnter – XL 1:0
Turun mərkəzi qarşılaşması artıq başlayıb. Liderlik kimə qismət olacaq?
Sürətlə irəli atılan İnter artıq 4-cü dəqiqədə hesabı açıb. Petar Zlatinovun zərbəsi dəqiq alınıb.
Matç başa çatdı.
Neftçi – Bakı 1:0
Bakıxanovdakı qarşılaşmada hesab açılıb. Adrian Nyaqa Rəşad Abdullayevin ötürməsindən sonra mövsümdə 11-ci qolunu və komandasını hesabda irəli çıxarıb. 1:0.
Matç başa çatdı. Bakı çox çalışsa da, rəqibin müqavimətini heç cür qıra bilmədi.
Qəbələ - Qarabağ 3:1
Şimal zonasındakı görüş isə bir qədər aşağı tempdə keçir və hesab hələ açılmayıb.
43-cü dəqiqədə Qarabağ fərqlənməyi bacarıb. Aslan Kərimovun ötürməsindən sonra Georgi Adamiya komandasının heyətində ilk qola imza atıb. Bu epizodda Qəbələnin qolkiperi Pavel Doroşevsin də səhvi var idi.
49-cu dəqiqədə meydan sahibləri hesabı bərabərləşdirib. Anatoli Ostap fərqlənib. 73-cü dəqiqədə Qəbələ hesabda önə çıxıb. İqor Melnik Torresin ötürməsini başla qola çevirib. Qarabağ inamla ardıcıl 3-cü məğlubiyyətinə doğru gedir.
Bu fikrimiz təsdiqini tapdı. 84-cü dəqiqədə Melnik dubla imza atdı. 3:1. Artıq Qarabağa məğlubiyyətdən qaça bilməz. Hər halda, bu oyunla...
Matç başa çatdı. Qarabağ ardıcıl 3-cü dəfə məğlub oldu.
