Qarmaqarışıqlıq, yaxud İnteri dayandıra biləcəklərmi?
Unibank Premyer Liqasının 24-cü turu artıq tarixə qovuşdu.
Azerisport.az xəbər verir ki, Qarabağın Qəbələyə səfərini yaxşı heç nə ilə nəticələnməyəcəyini proqnozlaşdırmışdıq. Birincisi, Ağdam klubunun gücü tükənib və bunu görmək üçün Braziliya yığmasının baş məşqçisi olmağa ehtiyac yoxdur. İkincisi, komandada artıq həm nizam-intizam, həm də oyun intizamı ilə bağlı problemlər var. Üçüncüsü, Qəbələ ötən tur Lənkəranda aldığı 1:4 hesablı ağır məğlubiyyətin əvəzini çıxmaq üçün alışıb-yanırdı. Bunu da meydanda göstərdi.
Qarabağın qolu təsadüfi alındı və bütünlüklə Pavel Doroşevsin boynundadır. Latviyalı qolkiper səviyyəsi ilə seçilir, amma dünən məhz onun qapısından vaxtsız çıxışı qolla nəticələndi. Vəziyyəti ardıcıl dəyişikliklərlə oyunu gedişini çevirən Ramiz Məmmədov xilas etdi. Melnikin iki qolu Qarabağı evinə xalsız yola saldı. Və “Unibank” Premyer Liqası favoritlərindın birini itirdi. Favorit ardıcıl iki dəfə məğlub olmağı özünə imkan verməməlidir.
Neftçinin Bakı üzərində qələbəsindən sonra qızıl medallara namizədlərin sayı 4-ə yüksəldimi? Əslində, Bülənt Qorxmazın komandası bu məğlubiyyətlə vəziyyətini çətinləşdirdi, çünki 3 xal onların Xəzər Lənkərana çatmasına şərait yaradacaqdı. Lakin, görünür, problemlər tam geridə qalmayıb. Bakı qeyri-sabit komanda təsiri bağışlayır. Sabitlik olmayan yerdə isə yekun uğurdan danışmağın mənası yoxdur.
Neftçi bu qələbə ilə vəziyyətini bir qədər düzəltdi və medallar uğrunda mübarizəyə qoşuldu. Amma ölkənin ən titullu klubu oyun planında çətinlikləri tam aradan qaldıra bilməyib. Vaxt isə gedir və qələbələrini sıralayan İnter uzaqlaşmaqdadır.
Yeri gəlmişkən, liderlərin duelində “bankirlər”in qələbəsi onların mövsümün 1 nömrəli favoriti qismində yerini möhkəmlətdi. Oyun səviyyəsi baxımından digər komandalardan irəlidə olan İnterlə XL-in duelindən qalib çıxacaq komanda çempionluq üçün vacib addım atmış olacaqdı. Bu addımı Bakı klubu atdı və vahid liderə çevrildi. Bundan sonra, Kaxaber Çxadadzenin komandasını saxlamaq çox çətin olacaq.
