Bakı FK: Bu qərar qarşılıqlı şəkildə verildi
Azerisport.az xəbər verir ki, Bakı futbol klubu baş məşqçi Bülənt Qorxmazın istefası ilə bağlı bəyanat yayıb. Bəyanatda deyilir:
“Bu gün komandamızın baş məşqçisi Bülənt Qorxmaz istefa verərək, tutduğu vəzifədən azad olunmasını xahiş edib. Baş məşqçinin istefa ərizəsi klub rəhbərliyi tərəfindən müzakirə olunub və bu barədə qərar qəbul olunub.
Bakı futbol klubunun Bülənt Qorxmazla bu mövsümün sonuna qədər müqaviləsi var idi. Baş məşqçimizin təkidli istefası bu müqavilənin qüvvədən düşməsi anlamına gəlir. Bu qərar qarşılıqlı şəkildə verilir, klubumuz Bülənt Qorxmazla müqaviləsinə xitam verir.
Bülənt Qorxmaz 2009-cu ilin sentyabr ayından etibarən komandamızın baş məşqçisi vəzifəsində çalışıb. Türkiyəli mütəxəssis bu dövr ərzində özünü peşəkar, işinə ciddi yanaşan mehriban bir insan kimi tanıdıb. Onun Bakı futbol klubundan ayrılmaq qərarını təəssüflə qarşılayırıq”.
