7-ci ayın hökmü
Azerisport.az xəbər verir ki, hələ 2009-cu ilin payızında – türkiyəli mütəxəssis Bakıya baş məşqçi təyin olunanda Azərbaycanda onun 6 aydan çox çalışa bilməyəcəklərini proqnozlaşdırmışdılar. Bu sətirlərin müəllifinin özü yaxın yoldaşlarından birinin dilindən “Büləntə uzağı fevrala kimi vaxt verirəm” – sözlərini eşitmişdi. Səbəbi izah olunmamışdı, yalnız bildirilmişdi ki, “o, Azərbaycanda işləyə bilməyəcək”.
Düzü, bu sözlərin arxasında dəqiq hansı fikirlərin durduğunu həmin yoldaşdan başqa heç kəs bilmir. Amma təxmin etmək çətin deyil. Burada iki cavab variantı var. Necə deyərlər, üçüncü nəzərdə tutulmayıb:
1) Qorxmaz Bakıda işləmək üçün çox gəncdir;
2) Onun futbol mentaliteti Azərbaycanda uğur qazanmaq üçün keçərli deyil.
Bülənt Qorxmaz böyük futbol görüb. Həm futbolçu, həm də məşqçi kimi. O, Qalatasarayda oynayıb, Qalatasarayı çalışdırıb. Lakin təəssüflər olsun ki, möhtəşəm futbolçu karyerası və bu klubda yarım illik məşqçilik təcrübəsi bizim ölkədə nəticə əldə etmək üçün kifayət deyil. Azərbaycana gələn və uğur qazana bilməyən əcnəbilərin ən böyük səhvi bura gəlməmişdən əvvəl bizim ölkədə futbolun olmamasını və asanlıqla böyük pullar qazana biləcəklərini yəqin etmələridir. Əslində isə belə deyil. Heç vaxt, heç yerdə böyük pulları havayı ödəmirlər...
Qorxmazın da yuxarıda qeyd olunduğu kimi düşündüyünü iddia etmək bəlkə də ona qarşı ədalətsizlik olardı. Bəlkə də o doğrudan da buradakı böyük potensialı görüb və kömək etməyə gəlib. Bəlkə də o, yalnız müqavilə dalınca qaçmayıb. Bəlkə də o, doğrudan da Bakı ilə öz dediyi kimi, böyük işlər görmək üçün təşrif buyurub. Amma indi nə deyilir, deyilsin: Qorxmaz Azərbaycanda və Bakı FK-da deyil. Və bizə elə gəlir ki, onun gedişi ilə Azərbaycan futbolu çox şey itirmədi.
Hər halda, sentyabr 2009 – mart 2010 aralığında o nə Bakıya, nə də futbolumuza yeni bir şey gətirmədi. Əlbəttə, elə onun öz sözlərini əsas götürüb “əvəzedici komandada əsas heyətə bir neçə gənc futbolçunun cəlb olunmasını, Bakının 8-ci yerdən 3-cü yerə qalxmasını, klubun bazasının tikilməsini” və s. göstərmək olar. Bununla belə, kim deyə bilər ki, Büləntə qədər Bakı uşaq futboluna və infrastruktur qurulmasına diqqət yetirmirdi? Bir də ki, 7 ay sistem qurmaq üçün çox cüzi bir müddətdir.
O ki qaldı nəticələrə, hamı bilirdi ki, Bakı yüksək yerlər uğrunda mübarizə aparmaq potensialına malikdir. Azərbaycanda işlərin müəyyən hissəsi kabinetlərdə həll olunur və bu “müəyyən hissə” mövsümün sonunda layiqli nəticə göstərməyə kifayət edir. Büləntli, ya Büləntsiz. Təəssüflər olsun ki, Azərbaycan çempionatında bir acı, lakin həqiqətə çox uyğun olan məsəl var: “İstəyirsən Peleni gətir, hakimi və rəqibi almasan, çempion olmayacaqsan”.
...Hər halda, Bülənt Qorxmaz öz personası ilə Türkiyə futbol ictimaiyyətinin diqqətini Azərbaycana yönəltməyi bacardı. Və əgər öz ad-soyadı ilə tribunalara əlavə 10-15 uşaq cəlb edə bildisə, onun işinin öhdəsindən 50% də olsa, gəldiyini söyləmək olar.
