24 mart 2010 01:36

Fillər qəbiristanlığı

Bülənt Qorxmazın da gedişi ilə Azərbaycan azarkeşi bir daha əmin oldu: dünya futbolunda az-çox iz qoymuş insanlar bizim ölkəmizdə duruş gətirə bilmir. Azerisport.az bununla bağlı maraqlı analogiya tapıb.

Əsasən Cənub-Şərqi Asiya və Afrikada yaşayan fillər unikal heyvanlardır. Onlar geniş ərazilərdə yaşamağı xoşlayırlar, amma illərlə bağlı olduqları torpaqları qoyub getməyə, köç etməyə öyrəşməyiblər. Hərçənd, dünyanın əksək böyük şəhərlərinin zooparklarında filə rast gəlmək mümkündür. Bakı zooparkına isə hələ gəlib çıxmayıb.

Fillərin daha bir nadir keyfiyyətləri ölümlərini hiss etmələridir. Bu keyfiyyət instinktlərlə verilir, məhz buna görə də heyvanlarda insanlardan daha çox inkişaf edib. Amma filləri fərqləndirən amil odur ki, onlar, bir qədim Afrika əfsanəsinə görə, ölmək üçün xüsusi yerə gedirlər. İnsanlar arasında bura “Fillər qəbiristanlığı” adlanır.

Bunun həqiqət və ya yalnız mif olmasını aydınlaşdırmaq bir qədər çətin, bəlkə də mümkünsüz məsələdir. Amma indi Azərbaycan futbolu “Fillər qəbiristanlığı”na çox bənzəyir.

Neçə-neçə futbolda iz qoymuş şəxsiyyət Azərbaycandan keçib. Onların sayı elə uğursuzluqlarının sayına bərabərdir. Həm futbolçu, həm məşqçilər bir, iki, yaxud da beş il əvvəl qazandıqları müvəffəqiyyətləri ölkəmizdə təkrarlaya bilmirlər. Xatırlayaq: Sergey Skaçenko (Ukrayna yığmasının keçmiş futbolçusu), Oktay Dərəlioğlu (Türkiyə yığmasının keçmiş futbolçusu), Artyom Bezrodnı (Spartakın və Rusiya yığmasının keçmiş futbolçusu), Anatoli Demyanenko (Kiyev Dinamosunun keçmiş futbolçusu və baş məşqçisi), Vlastimil Petrjela (Zenitin keçmiş baş məşqçisi), Bülənt Qorxmaz (Qalatasarayın keçmiş futbolçusu və baş məşqçisi). Bunlar məşhurların ən məşhurlarıdır. İndi də gəlin, görək onların Azərbaycan karyerası necə başladı və necə qurtardı.

Sergey Skaçenko. Vaxtilə Ukraynanın ən yaxşı futbolçularından olan, karyerası ərzində Torpedo (Moskva) və Mets (Fransa) kimi klubların şərəfini qoruyan Skaçenko 2005-ci ildə Turanla müqavilə imzaladı. Həmin vaxt futbolçu artıq karyerasının qürub çağlarını yaşayırdı. Yaşı bir yana dursun (33), Sergey artıq iki il idi ki, zədə və digər səbəblər üzündən böyük futboldan uzaq qalmışdı. Turanda karyerası pis başlamadı, hətta bir neçə vacib qolla transferini doğrultmağa çalışdı. Amma artıq gec idi və Skaçenko bəlkə də yuxarıdan-aşağı baxdığı Azərbaycan çempionatında yerli oyunçulardan heç nə ilə seçilmədi. Yenə zədələndi və karyerasını elə… Turanda başa vurdu.

Oktay Dərəlioğlu. Bir vaxtlar bütün Türkiyə onunla nəfəs alırdı. Belçika yığmasının qapısına vurduğu fantastik qol ona dünya şöhrəti qazandırmışdı. Nə nüfuzu, nə də oyun səviyyəsinə görə Türkiyədə “Kral” ləqəbini alan Hakan Şükürdən geri qalmırdı. Amma Fənərbaxça, Beşiktaş və Türkiyə yığmasının üzvünü şəxsi həyatında baş verən faciə - həyat yoldaşının intiharı “yıxdı”. Siirt Jetpaspor və Dardanelspor onun səviyyəsi deyildi. Cəmi 29 yaşında Azərbaycana gələn, Xəzər Lənkərana rekord məbləğə (təxminən 1 milyon dollar) transfer olunan Oktay özündən sonra xoş xatirə buraxdı. Lakin gümüş medal və vurduğu 16 qol da hücumçunun əsl səviyyəsini ortaya qoymadı. Oktay artıq tükənməkdə idi. Və XL-dən sonra üç il ərzində çıxış etdiyi Türkiyə aşağı liqa klublarında üst-üstə keçirdiyi oyun və vurduğu qol sayı – 19 matç, 3 top – bundan xəbər verirdi.

Artyom Bezrodnı. Spartakın və Rusiya yığmasınınəfsanəvi baş məşqçisi Oleq Romantsevin ən uğurlu tapıntılarından sayılan gənc Bezrodnıya Rusiya futbolunun gələcəyi kimi baxırdılar. Amma o gələcək gəlmədi. Artyom bir müddət üzdə idi, bununla belə, spirtli içki düşkünlüyü və idman göstəricilərinin zəifləməsi istedadlı futbolçudan imtina ilə nəticələndi. MKT-Araza keçəndə cəmi 25 yaşı var idi, lakin buna qədər iki il futbol oynamamışdı. Zaman göstərdi ki, bu, Bezrodnının karyerasının heç də ən ağır illəri deyildi. Azərbaycanda cəmi 4 oyun, yenə də başa çəkilən araq şüşələri, İmişli qəbiristanlığında döyülməsi barədə şayiələr və digər futboldankənar məsələlər Artyomu ölkəmizdən qaçmağa, doğma Sumı şəhərində gizlənməyə və yalnız 5 il sonra futbola qayıtmağa məcbur etdi. İndi onun cəmi 30 yaşı var, Rusiya ikinci divizion klubunda oynayır. Həyatı dramaktik hadisələrlə dolu olan bu gənc və xoşxasiyyətli oğlan hər şeyə yenidən başlamaq istəyir. Qatar isə çoxdan gedib…

Anatoli Demyanenko. Avropanın vitse-çempionu, dəfələrlə SSRİ çempionu, məşqçi kimiUkrayna çempionu və Kubokunun sahibi, Çempionlar Liqasının final mərhələsinin iştirakçısı… “Anatoli Demyanenko” ad-soyadı nisbətən yaşlı və orta nəsli nümayəndələrinin qulağına daha xoş gəlir. 80-ci illərin sonlarında o, Azərbaycanın da bir parçası olduğu SSRİ-nin kumiri idi. Postsovet dövründə isə ömrü boyu bağlı olduğu Kiyev Dinamosunda “qızıl dubl”la yadda qalmışdı. Bu uğurun tarixi uzağa getməsə də, ona ÇL-in qrup mərhələsindəki 6 məğubiyyəti bağışlamadılar. Və işsiz qalıb Neftçini seçəndə ona “bitmiş məşqçi” dedilər. Anatoli Vasilyeviç bütün skeptiklərə cavab verməyə yaxın idi. Neftçini çempion elə bilməsə də (bürünc medal), İntertoto kubokunda iki mərhələ adlamağı bacarmışdı. Özü də məhdud heyətlə. Lakin məğlub edilməli olan Vasluy uğursuzluğu və ölkə çempionatının ilk iki turundakı məğlubiyyət Demyanenkoya baha başa gəldi və o, Neftçidən qovuldu. Daha sonra isə mütəxəssisin spirtli içki düşkünü olduğu ilə bağlı xəbərlər də yayıldı…Ölkənin ən titullu klubu hələ ki, Demyanenkonun məşqçi karyerasında sonuncu iş yeridir.

Vlastimil Petrjela. Postunu Demyanenkoya təhvil verən və Zenit azarkeşlərinin indi də xüsusi istiliklə xatırladığı şəxs. Petrjela heç vaxt nə dahi futbolçu, nə də dahi məşqçi olmayıb. Onun ulduz saatı Zenitdə vurdu və bir-iki il əvvəl Rusiyada hamının boz kollektivi kimi tanıdığı komandanı ölkə futbolunun liderlərindən birinə çevirdi. Pan Vlastimil Zenitlə böyük işlər gördü, amma həmin işlərin davamı Neftçidə gəlmədi. Klub müstəqillik tarixində ən böyük hesablı məğlubiyyəti (1:5, Bakı) onun dövründə aldı. Az keçmiş Petrjelaya qapını göstərdilər, üstəlik, dedilər ki, o, vaxtının çoxunu kazinoda keçirirmiş… O vaxtdan bu vaxtda çex mütəxəssis məşqçi karyerasını bərpa etməyib.

Bütün bu mini-oçerklərdə süjet xətti tuta bildinizmi? Parlaq başlayan karyera, qələbələr, uğursuzluq, Azərbaycan və son…Bizim üçün “fil” sayıla bilən məşhur futbolçu və məşqçilər karyeralarını məhz bizim ölkəmizdə başa çatdırırlar. Birbaşa, yaxud dolayısıyla – fərq etməz.

Bülənt Qorxmazın taleyi də belə davam edir və bu gün Türkiyə azarkeşi dünənki kumirinin “məşqçi kimi bitdiyini” deyir…

Bəs öz “qəbiristanlığ”ına gələn növbəti “fil” kim olacaq?

İndi Azərbaycanda dünya futbolunun cəmi bir məşur siması qalıb. Adını özünüz tapın.
 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.