26 mart 2010 13:12
Kiçilmiş Böyük oyun
Lənkəran azarkeşi Neftçi ilə oyuna hazırlaşır. Azərbaycan futbol ictimaiyyətini isə sanki belə oyun gözləmir.
Bilirsiniz, niyə? Azerisport.az hesab edir ki, bu, əsasan Azərbaycanda “futbol mətbəxi”nin olmaması ilə əlaqədardır. Biz aləmə car çəkirik ki, futbolumuz inkişaf edir, amma əslində bu inkişaf koranə inkişafdır. Biz bir neçə az-çox səviyyəli legionerin gəlişini, bir-iki futbolçumuzu xarici klublara keçidini, bir-iki klubumuzun Avropa kuboklarında iki mərhələ adlamasını böyük uğur hesab edirik, lakin düşünmürük ki, azərbaycanlı futbolçuların əksəriyyəti adi azarkeşlərə demək olar tanış deyil. Çox az adam, məsələn, Elvin Məmmədovu şəhərdə görsə, tanıyar. Əslində isə Azərbaycan millisinin üzvünü böyük əksəriyyət tanımalıdır.
Neftçi – Xəzər Lənkəran duelinin bu gün ikinci plana keçməsinin əsas səbəbi də Azərbaycanda futbol “mətbəx”inin olmamasıdır. Hər iki klub çempionluq uğrunda mübarizə aparanda bu oyun barədə bütün ölkə danışırdı. Komandalardan birinin nisbətən uğursuz çıxış etməsi kifayətdir ki, həmin ajiotajdan əsər-əlamət də qalmasın. Artıq mətbuat bu görüşə də əvvəlki tək diqqət ayırmır, çünki auditoriya bunda o qədər maraqlı deyil. Auditoriyanın marağının azalması isə onunla əlaqədardır ki, bu istiqamətdə insanlarla iş aparılmır.
Bir anlıq düşünün: ola bilərmi ki, hansısa Türkiyə mətbu orqanı Qalatasaray - Fənərbaxça matçına bir neçə gün qalmış bu oyun barədə yalnız bir-iki xırda xəbərlə kifayətlənsin? Türk azarkeşi üçün bu, ağlasığmaz bir şeydir. XL – Neftçi görüşünə cəmi iki gün qalıb, Azərbaycan idman mətbuatında isə cəmi bir neçə kiçik xəbərdən başqa heç nəyə rast gəlməmişik. Əlbəttə, İstanbul superderbisini miqyasına görə bu oyunla müqayisə etmək düzgün olmazdı, üstəlik, klubların və mücadilənin tarixi də müqayisəyə gəlməz. Bununla belə, biz Böyük oyunu saxlamaq üçün heç nə etmirik. Milli çempionatın oyunlarını yayımlayan telekanalda bununla bağlı bir dənə də buraxılış yoxdu. Ən böyük biarbırçılıq isə odur ki, bu görüş, ümumiyyətlə, canlı yayımda verilməyəcək!
Nə qədər ki, biz öz dəyərlərimizə bu cür qiymət verməyə davam edəcəyik, bir o qədər dəyərlərimiz bizdən uzaqlaşacaq.
