İdman kanalının direktoru Böyük oyunun yayımlanmamasının səbəbini açıqladı
“İdman Azərbaycan” telekanalı bu həftə “Unibank” Premyer Liqasının yalnız bir oyununu – Bakı – Qəbələ matçını canlı yayımlayacaq. Azerisport.az xəbər verir ki, Qarabağ – İnter və ən əsası, Xəzər Lənkəran – Neftçi görüşünün yayımlanmaması texniki problemlərlə əlaqədardır. Bu barədə “İdman Azərbaycan”ın direktoru Elsevər Dünyamalıyev məlumat verib.
“Texniki problemlərimiz var. Peykə çıxışı olan xüsusi aparatla nasızlıqlar yaranıb. Bu üzdən də hələ ki, Bakıdan kənardan canlı yayım aparmamız mümkün deyil. Paytaxtda lokal yayım sistemindən istifadə edirik, yəni Hərəkətedən Telesistemin teleqülləni görməsi kifayətdir ki, canlı yayım verə bilək” – deyə Dünyamalıyev bildirib.
Kanalın direktoru problemin nə vaxt aradan qaldırılacağı ilə bağlı qəti bir söz demədi: “Düzü, bu, texniki problemlərdir, ona görə detallardan xəbərim yoxdur. Bunun üzərində iş gedir. Amma nasazlığın dəqiq nə zaman aradan qaldırılacağını indidən dəqiq deyə bilmərəm”.
