XL azarkeşlərin dəstəyindən məhrum ola bilər
Bu gün Lənkəranda keçirilən XL – Neftçi görüşündə qalmaqal yaşandı. Bu qalmaqal Xəzər Lənkəran Futbol Klubuna və komandaya baha başa gələ bilər.
Azerisport.az xəbər verir ki, hər şey baş hakim Əfqan Həmzəyevin Neftçinin qapısına vurulan qolları saymamasından başladı. Həm birinci, həm də ikinci hissədə Xəzər fərqlənməyi bacarsa da, referi hər iki epizodda qolu qeydə almadı. İkinci epizoddan bir neçə dəqiqə sonra azarkeş meydançaya daxil olub Həmzəyevi vurdu. Bu dəqiqələrdə matçın davamı sual altında qalsa da, baş hakim kapitanlarla qısa məsləhətləşmədən sonra oyunu davam etdirmək qərarı verdi.
Azarkeşlər ikinci dəfə sona yaxın coşdular. Bu dəfə Həmzəyev topun Neftçinin müdafiəçisi Ruslan Abışovun əlinə dəyməsindən sonra penalti tələb edən yerli futbolçu və azarkeşlərin istəyinə heç bir diqqət yetirmədi. Bununla da meydançaya kənar əşyalar, hətta yerindən qoparılan plastik oturacaqlar atılmağa başladı. Nəticədə Əfqan Həmzəyev və onun köməkçisi Mübariz Haşımov hücumlara məruz qaldılar.
Təbii ki, bütün bunlardan sonra Xəzər Lənkəran Futbol Klubunun və Lənkəran Mərkəzi stadionunun cəzalanacağı şübhəsizdir. Bu cəzalar nəyi əhatə edəcək? Müvafiq qərar qarşıdakı çərşənbə axşamı günü keçiriləcək Nizam-İntizam Komitəsinin iclasından sonra açıqlanacaq, amma indidən demək olar ki, klubun külli miqdarda cəriməyə məruz qalmasından başqa, komandaya bir və ya bir neçə ev oyun ya neytral meydançada, ya da azarkeşsiz keçirilməsi kimi ağır cəza veriləcəyi gözlənilir.
