İstanbul superderbisi tarixindən seçmələr
İstanbul superderbisinə saatlar qalıb. Sabah Bakı vaxtı ilə saat 21:00-da başlanacaq qarşılaşma ərəfəsində Türkiyənin "Ajansspor" agentliyi indiyədək ən çox yadda qalan derbi matçlarının siyahısını hazırlayıb. Azerisport.az onlardan bəzilərini sizə təqdim edir.
12 fevral 1911. Qalatasaray – Fənərbaxça 7:0
Bu oyun tarixə qonaqların cəmi 7 nəfərlə çıxması və həmin matçda qeydə alınan hesabın derbilər tarixində ən böyük olması ilə keçib.
3 may 1989. Qalatasaray – Fənərbaxça 3:4
Türkiyə kuboku çərçivəsində keçirilən oyunun birinci hissəsində sonra “sarı-lacivərdlilər” 0:3 hesabı (hər üç qol Tanju Çolakın aktivində) ilə geridə olsalar da, fasilədən sonra Aykut və Həsən Vəzirlə (hərəyə iki qol) dörd dəfə fərqlənərək, qələbə qazanıblar.
16 dekabr 1989. Qalatasaray – Fənərbaxça 1:0
Bu oyunun qəhrəmanı “Fənər”dən “Cim-Bom”a qaçan… Həsən Vəzir olub. Məhz o, yeganə qola imza atıb.
15 aprel 1990. Fənərbaxça – Qalatasaray 5:1
Maraqlıdır ki, bu oyunda bütün qollar “sarı-lacivərdli” futbolçulardan gəlmişdi. Qalatasarayın yeganə qoluna Fənərbaxçanın müdafiəçisi Nezihi öz qapısına göndərdiyi topla imza atmışdı.
11 aprel 1993. Qalatasaray – Fənərbaxça 4:3.
Bu görüşdə qələbədən sonra Qalatsaray Türkiyə çempionu olmuş, Fənərbaxçada isə rəhbərlik dəyişikliyi edilmişdi. Prezident Metin Aşıkı Güvən Sazak əvəzləmişdi.
22 oktyabr 1995. Fənərbaxça – Qalatasaray 4:0
Bu oyunda 32 dəqiqəyə het-trik edən Daniel Atkinsona bir həftə sonra prezident Əli Şən “Mersedes SL 600” markalı avtomobil hədiyyə etmişdi. Mövsümün sonunda isə başqan komandanı tərk edən Atkinsondan həmin “Mersedes”i… geri almışdı.
25 aprel 1996. Fənərbaxça – Qalasataray 1:1
Qalatasaray Türkiyə kubokunun yarımfinalında səfərdə heç-heçə sayəsində (evdə ilk oyun 1:0) finala yüksəlmişdi, lakin şotlandiyalı baş məşqçisi Qrem Sunessin matçdan sonra etdiyi hərəkət bu matçı “əfsanəvi”lər sırasına yazmışdı. Suness oyundan sonra Qalatasaray bayrağını mərkəz nöqtəsinə sancmışdı.
8 sentyabr 1996. Qalatasaray – Fənərbaxça 0:4
Bu matç Fatih Terimin baş məşqçi kimi ilk derbisi idi. Qollardan birini isə bir neçə gün əvvəl Qalatasaraydan Fənərbaxçaya transfer edilən Saffet Sancaqlı vurmuşdu.
26 iyul 1998. Fənərbaxça – Qalatsaray 1:4
Bu matç “Cim-Bom”un Kadıköydə Fənərbaxça üzərində ən böyük hesablı qələbələrindən biri kimi tarixə düşüb. Görüş indi keçirilməyən Türkiyə İdman Yazarları Dərnəyinin Kuboku uğrunda yarışda baş tutmuşdu.
16 fevral 2002. Fənərbaxça – Qalatasaray 1:0
Bu oyunda baş hakim Əli Aydın Qalatasarayın 4 futbolçusunu – Aydın, Emre, Batista, Həsən Şaş və Bakının sabiq baş məşqçisi Bülənt Qorxmazı meydançadan qovmuşdu.
6 noyabr 2002. Fənərbaxça – Qalatasaray 6:0
“Şükrü Saracoğlu”da keçirilən qarşılaşmada Fənərbaxça tarixində Qalatasaray üzərində ən böyükhesablı qələbəsini qazanıb. Qollara Tuncay, Orteqa, Sərhat (2), Ceyhun və Ümit Özən imza atıblar.
11 may 2005. Qalatasaray – Fənərbaxça 5:1
Türkiyə Kubokunun finalında, “Atatürk” stadionunda baş tutan matç Fənər azarkeşlərinin unutmaq istədikləri arasındadır. Həmin görüşdə Qalatasaraydan Frank Riberi, Necati, iki dəfə Hakan Şükür fərqlənmişdilər. Daha bir qolu Dəniz Barış öz qapısından keçirmişdi. Rəqibin yeganə qolu isə Lusianodan gəlmişdi.
22 aprel 2006. Fənərbaxça – Qalatasaray 4:0
Bu, Fənərin derbilərdə rəqibi üzərində ən böyükhesablı qələbələrindən biri idi. Anelkanın vurduğu sonuncu qola qədər isə Fənərli futbolçular ardıcıl 35 (!) dəqiq ötürmə etmişdilər.
19 may 2007. Qalatasaray – Fənərbaxça 1:2
Türkiyə mətbuatının “ən islaq derbi” adlandırdığı matç.100 illiyində çempion olan və “Əli Sami Yen” stadionunda çempion kimi çıxan Fənərbaxçanı Qalatasaray azarkeşi yüzlərlə içi su ilə dolu şüşəyə “qonaq etmişdi”. Bu oyundan sonra Türkiyə Futbol Federasiyasının qərarı ilə “sarı-qırmızılılar” ardıcıl 5 oyunu azarkeşsiz keçirmək məcburiyyətində qalmışdılar.
12 aprel 2009. Qalatasaray – Fənərbaxça 0:0
Tarixin ən utancverici derbisi. Hər iki komandanın çempionluğu əldən buraxdığı bir vaxtda baş tutan matç futboldan çox, əlbəyaxa döyüşlərə səhnə olmuşdu. Baş hakim Fırat Aydınus meydan sahiblərindən Əmrə Aşık və Arda Turana, qonaqlardan isə Dieqo Luqano və Semih Şəntürkə qırmızı vərəqə göstərmişdi.
