Azərbaycan yığması üçün yeni geyim dəstləri və Parma
Bakının vitse-prezidenti Tunc Afşar İtaliyada olub. Azerisport.az xəbər verir ki, səfərin məqsədi barədə funksioner klubun rəsmi saytına danışıb: ”Səfərimin iki məqsədi var idi. Öncə “Errea” şirkətinin Bakı futbol klubu üçün 2010-cı il dizaynlı formalarla tanış oldum. Həmin dizaynları klubumuzun prezidenti Hafiz Məmmədova təqdim edəcəyəm. Eyni zamanda “Errea” şirkəti Azərbaycan milli komandası üçün də müxtəlif dizaynlar hazırlayıb. Onları da AFFA-nın baş katibi Elxan Məmmədova təqdim etdik”.
Bundan əlavə, Afşar Bakının Parma ilə əməkdaşlıq məsələlərinə də toxunub: “Səfərim zamanı, həmçinin, Parma klubunun baş katibi Mr.Alessio Paini ilə görüşdüm. Görüş zamanı iki klub arasında qarşılıqlı faydalı əməkdaşlığın başlanması barədə razılıq əldə olundu. Bakı futbol klubunun gənc futbolçuları Parmanın düşərgəsində hazırlıq keçəcəklər”.
