Hamı Xəzər Lənkərana qarşı, yoxsa yalnız görüntü?
Ölkə mətbuatında Xəzər Lənkəranın fəxri prezidenti Mübariz Mənsimovun qərarı ilə komandanın çempionatdan çıxdığı ilə bağlı informasiya yayılıb. Bu xəbərlərə ciddi yanaşmağa dəyməz. Hər halda, Mənsimov bu klubu ona görə yaratmayıb ki, günlərin bir günü onu dağıtsın. Çempionatdan çıxmaq isə faktiki olaraq, dağılmaya bərabərdir.
Amma azerisport.az bildirir ki, medalın digəri üzü var. Bu xəbərlər Azərbaycanın futbol rəhbərliyinə qarşı atılmış psixoloji təsir rolunu oynaya bilər. AFFA və PFL-ə Xəzər Lənkəran kimi bir güclü klubun yox olması sərf etmir. Çünki bu halda bütün oxlar məhz adıçəkilən qurumlar tərəfinə atılacaq.
Bununla belə, XL rəhbərliyinin Neftçi ilə son qarşılaşmada baş verənlərə sərt reaksiya verməsi gözləniləndir. Bunu Azerisport.com-a bugünkü müsahibəsində klubun vitse-prezidenti Tuyqun Nadirov da gizlətməyib. O bildirib ki, hakimlikdən narazıdırlar və bu, ilk belə hal deyil. Onun sözlərinə görə, “Həmzəyev bu mövsüm bir neçə dəfə XL-i “sürüyüb”.
Hakim səhvi elə bir mücərrəd varlıqdır ki, onun həqiqətən səhv, yoxsa qərəz olduğunu dəqiq müəyyənləşdirmək qeyri-mümkündür. Axı heç kəs, məsələn, Həmzəyevin Neftçi rəhbərliyi ilə hansısa danışığının olmasını sübuta yetirə bilməz. Biz belə danışıqların olduğunu heç iddia da etmirik. Amma Xəzər Lənkəran kimi klubun vitse-prezidentinin dediyi sözlərə mütləq diqqət yetirilməlidir.
Nadirov bir qədər uzağa gedərək, son günlər baş verən hadisələrin XL-ə qarşı aparılan siyasətin bir parçası olmasından şübhələndiyini söyləyib. “Götürək elə teleyayım məsələsini. XL – Neftçi qarşılaşmasının canlı verilməməsi, görünür, kiməsə sərf edirdi. Sual olunur, kimə?“ – deyə Tuyqun bəy bildirib.
Yenidən televiziya mövzusuna yaxınlaşmadan uzaqlaşaq və bildirək ki, Azərbaycan futbol təsərrüfatını SSRİ-də hökm sürən cəmiyyətlə əlaqələndirmək olardı. Bütün ölkə bilirdi ki, vəziyyət o qədər də yaxşı deyil, amma hər kəs yenə kor-koranə İttifaqın “yenilməz və bölünməz” olduğuna səmimi qəlbdən inanırdı. Ya da inandığını göstərirdi.
Biz bilmirik, indi doğrudan da Nadirovun dediyi kimi, kimsə Xəzər Lənkərana qarşı oyuna başlayıb, yoxsa bu sadəcə qəribə və bədbəxt təsadüfdür. Amma ölkə futbolunda problem var. Və bu problemləri araşdırıb tapmaq, onu doğuluşdaca həll etmək lazımdır. Hər halda, Həmzəyevin bu mövsüm idarə etdiyi bütün (!) oyunlardan sonra bu və ya digər tərəfin şikayətləri ictimaiyyətin qulağına çatıb. Hakimlər Komitəsi isə fantastic inadkarlıq göstərərək, hər növbəti həftə turun ən vacib və prinsipial qarşılaşmasını bu hakimə etibar edir…
Xəzər Lənkəranı isə onsuz da cəza gözləyir. Meydançaya azarkeşin daxil olmasına, kənar əşyalar atılmasına görə klub və stadion dünyanın hər yerində cəzalanır. Bu mənada Azərbaycan istisna ola bilməz.
