30 mart 2010 20:45
35 min manat?! Klubu bu qədər cərimə etməzlər!
AFFA-nın İntizam Komitəsi XL-Neftçi oyunu ilə əlaqədar qərarlar qəbul edib.
Azerisport.az xəbər verir ki, 27 mart 2010-cu il tarixində, Unibank Premyer Liqasının XXV turu çərçivəsində keçirilmiş «Xəzər-Lənkəran» - «Neftçi» oyunu zamanı stadionda ictimai asayiş və təhlükəsizlik təmin olunmadığı üçün meydan sahibi – «Xəzər-Lənkəran» klubu 5000 (beş min) manat cərimə olunur. Oyun zamanı futbol meydanına və qaçış zolağına kənar əşyalar atıldığına görə meydan sahibi – «Xəzər-Lənkəran» klubu 2000 (iki min) manat cərimə olunur.
Matçda «Xəzər-Lənkəran» klubunun məşqçiləri və klubun nümayəndələri texniki zona qaydalarını pozduğu üçün «Xəzər-Lənkəran» klubu 2000 (iki min) manat cərimə olunur. Oyun zamanı stadionda kütləvi nizam-intizamsızlıq baş verdiyi üçün meydan sahibi - «Xəzər-Lənkəran» klubu 8000 (səkkiz min) manat cərimə olunur. Oyunun 90+1-ci dəqiqəsində «Xəzər-Lənkəran» klubunun 7 №-li futbolçusu Ruslan Poladov birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyunluq kənarlaşdırılır, klub isə 2000 (iki min) manat cərimə olunur.
Matçda «Xəzər-Lənkəran» klubunun baş məşqçisi Ağasəlim Mircavadov oyunun hakimlərinə qarşı təhqiredici sözlərə yol verdiyi üçün 4 oyunluq kənarlaşdırılır və «Xəzər-Lənkəran» klubu 4000 (dörd min) manat cərimə olunur. Oyunda «Xəzər-Lənkəran» klubunun mətbuat katibi Tural Əsgərov oyunun hakimlərinə qarşı təhqiredici sözlərə yol verdiyi üçün 4 oyunluq kənarlaşdırılır, klub isə 4000 (dörd min) manat cərimə olunur. Matçda stadionun direktoru Höccət Hacıyev oyunun hakiminə hədə-qorxu gəldiyi üçün 10 oyunluq kənarlaşdırılır və meydan sahibi – «Xəzər-Lənkəran» klubu 8000 (səkkiz min) manat cərimə olunur.
«Xəzər-Lənkəran» klubunun növbəti ev oyunlarında təhlükəsizlik tədbirlərinə riayət olunmayacağı təqdirdə klub daha ciddi cəzalandırılacaq. «Xəzər-Lənkəran» klubunun baş məşqçisi Ağasəlim Mircavadov tərəfindən analoji hərəkətlərə yol verilərsə, baş məşqçiyə qarşı daha ciddi sanksiyalar tətbiq olunacaq.
27 mart 2010-cu il tarixində XVIII Unibank Premyer Liqasının XXV turunun “Qarabağ” – “İnter” matçının 88-ci dəqiqəsində meydançaya kənar əşya atıldığı üçün meydan sahibi klub 2000 (iki min) manat cərimə olunur. 28 mart 2010-cu il tarixində XVIII Unibank Premyer Liqasının XXV turunun “Bakı” – “Qəbələ” matçında “Qəbələ” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 (min) manat cərimə olunur.
26 mart 2010-cu il tarixində XVIII Unibank Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XXV turunun “İnter” – “Qəbələ” matçında “İnter” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 (beş yüz) manat cərimə olunur. 26 mart 2010-cu il tarixində XVIII Unibank Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XXV turunun “Muğan” – “Bakı” matçının 83-cü dəqiqəsində “Muğan” klubunun 14 №-li futbolçusu Zaur Abdullayev rəqibinə ayaqla zərbə vurduğuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyunluq cəzalanır, klub isə 1000 (min) manat cərimə olunur.
AFFA
