XL azarkeşləri Ramin Musayevin hədiyyəsini özünə qaytarır
AFFA Nizam-İntizam Komitəsinin müvafiq qərarlarından sonra Xəzər Lənkəranın müstəqil fan klubu olan “Fırtına” bəyanat yayıb. Azerisport.az bəyanatın mətnini olduğu kimi nəzərinizə çatdırır:
“Ölkədəilk müstəqil fan klub olan "Fırtına" fan klubu yarandığı andan Xəzər Lənkəran futbol klubunun uğurları üçün çalışmış, komandamıza demək olar ki, bütün səfər vəev oyunlarında möhtəşəm dəstək olmuşdur. Ötən ilin yayında Fan Klubumuzun 4 illik yubiley tədbirində azarkeşi olduğumuz klub rəsmiləri ən sevimli günümüzdə iştirak etməsə də, həmin gün PFL rəhbəri Ramin Musayev tədbirdə iştirak edərək fan klubumuza bir fanat üçün ən lazımlı hədiyyə - böyük baraban hədiyyə etdi və bu barabanın Azərbaycan futboluna xidmət etməsini arzuladı.
Təəssüf ki, 27 mart 2010-cu il tarixində keçirilən Xəzər Lənkəran - Neftçi oyununda Azərbaycan futbolunun məhz kabinetlərdən oynanıldığının şahidi olduq və Ramin bəyin bu oyunla bağlı birtərəfli münasibətinə etiraz olaraq, onun fan klubumuza hədiyyə etdiyi barabanı artıq azarkeşlərimizə lazım olmadığı üçün Ramin Musayev cənablarına qaytarmaq qərarına gəldik. Zatən, Ramin bəyin rəhbərlik etdiyi qürum kimi, o barabanın "şurup"ları da əvvəlcədən boş idi. Qoy Ramin bəy həmin barabanı onun havasını çalacaq azarkeş varsa onlara hədiyyə etsin. Bizim isə bir marşımız var, o da XƏZƏR LƏNKƏRAN marşıdı. Lakin barabanın çubuqlarını özümüzdə saxlayırıq. Çünki bu gedişlə Həmzəyev kimi hakimlərlə, azarkeşə dəyənək hələ çoooox lazım olacaq və bu baraban cubuqları dəyənəyi yaxşı əvəz edir. Necə deyərlər "min əl qanmaz bir əl toppuz". Azərbaycan futbolunu isə biz azarkeşlər düzəldəcəyik.
Sonda üzümüzü Azərbaycanın bütün əsl futbol azarkeşlərinə, futbol ictimaiyyətinə və ölkə mətbuatına tutaraq deyirik: "Gəlin haqqı nahaqqa verməyək, hər birimiz əlimizdən gəldiyi qədər öz haqqımızı müdafiə edək ki, bir daha azarkeşi olduğumuz komandalara qarşı belə haqsızlıqlar olmasın".
Azerisport.az-dan: Bəyanatı birmənalı qarşılamaq çətindir və azarkeşləri müəyyən qədər başa düşmək olar. Onların sevimli komandası cəzalanıb və vacib xallar itirib. Bununla belə, Fırtına bir az sakitləşsə yaxşı olar. Hər halda, Nizam-İntizam Komitəsi XL azarkeşlərinin futboldan məhrum olmaması üçün hər şeyi edib. Belə hərəkətlərə görə dünyanın hər yerində hər şeydən əvvəl stadion cəzalanır. XL və azarkeşləri isə bundan qaça bildi…
