Nou Kampın təkrarı və fransız derbisi
Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə start verilir.
Azerisport.az xəbər verir ki, ilk günün qarşılaşmalarından birində ayrı-ayrı illərdə 8 dəfə bu turnirin qalibi olmuş Bavariya və Mançester Yunayted üz-üzə gəlirlər. İndi ağıla ilk olaraq, 1999-cu il Çempionlar Liqasının finalı gəlir. “Nou Kamp” arenasında keçirilən həmin dramatik qarşılaşmada uzun müddət almanlar hesabda üstün olsalar da, indi artıq karyeralarını başa vurmuş Teddi Şeringem və Ule-Oynar Sulşerin qolları “qırmızı şeytanlar”a qələbə gətirmişdi. Lui van Qalın rəhbərlik etdiyi FK “Hollivud” məhz həmin görüşdən sonra “Ser” titulu verilən Aleks Fergüsondan qisas ala biləcəkmi?
Digər cütdə fransız derbisini izləyəcəyik. Son illərin ən uğurlu iki fransız klubu – Lion və Bordo münasibətləri aydınlaşdıracaqlar. Və bu cütün sonunda uzun fasilədən sonra bir Fransa klubu Çempionlar Liqasının yarımfinalına yüksəlmək hüququ qazanacaq. Hər iki komandaya gənc və persektivli mütəxəssislər – Klod Pyuel və Loran Blan rəhbərlik edir. Həm Pyuel, həm də Blan Fransa yığmasının baş məşqçisi Raymon Domenekin yerinə əsas namizədlər sayılırlar. Buna görə də Lion – Bordo matçları xüsusi prinsipiallıq daşıyır. Bu cütdə indi əla forma yığan və bu mövsüm çoxlarını təəccübləndirən “jirondistlər” daha şanslı görünür.
UEFA Çempionlar Liqası
30 mart (saatlar Bakı vaxtı ilə)
23:45. Bavariya – Mançester Yunayted
23.45. Lion - Bordo
