XL – Neftçi oyununun hakimi onu vuranları həbsə atdırmaq istəyir
Qalmaqallı Xəzər Lənkəran – Neftçi oyununda meydançaya çıxıb baş hakim Əfqan Həmzəyevə zərbə endirən şəxsin adı məlumdur. Azerisport.az xəbər verir ki, lent.az-a müsahibəsində bunu Həmzəyev özü deyib: “Hüquq-mühafizə orqanlarına müraciət etmişəm. Bədənimdə olan zərbə izləri tibbi-məhkəmə ekspertizasından keçirilib, ölçüləri götürülüb. Hamısı orda var, ərizələrimizi də yazmışıq. Bir addım da geri atan deyiləm. Sonadək, öz hüququm bərpa olunanadək vuruşacağam. Heç kəsin yanında gözükölgəli deyiləm.
Biz oyundan sonra Lənkəran şəhər polis idarəsindəki ifadələrimizdə onların hamısının adlarını bir-bir göstərmişik. AFFA-ya verdiyimiz izahatlarımızda hamısının adlarını göstərmişik. İndi istintaq getdiyi üçün onların adlarını sizə deyə bilmərəm. Onlar kasetdə də var, disklərə də köçürülüb. AFFA lazımi orqanlara müraciət edərək, həmin diskləri alacaq. Orada da araşdırma gedəcək. Hər şey, sənəd-sübutludur, hər şey çəkilib. Kim bizi vurub, kim vurmayıb. Televiziya ilə də kadrlar nümayiş olunacaq”.
