110-cu, 10-cu və 5-ci Azərbaycan
FİFA-nın açıqlanan növbəti reytinq cədvəlində Azərbaycan yığması bir pillə geriləyib və 110-cu yerə düşüb. Bunun əsas səbəbi Birləşmiç Ərəb Əmirlikləri millisinin 13 pillə irəliləməsidir.
Azerisport.az xəbər verir ki, 109-cu yerlə 110-cu yer arasında prinspial fərq olmasa da, bu ay səfərdə Lüksemburqa qalib gələn və 6 bal toplayan Azərbaycan yığmasının geriləməsi təəccüblü görünür. Hər halda, yaxın zamanlar üçün plan heç olmasa ilk “100-lüy”ə daxil olmaq idi və bu geriləmə heç yerinə düşmədi. Amma bəzən iki addım qabağa getmək üçün bir addım geri çəkilmək lazımdır…
DÇ-2012-nin seçmə mərhələsindəki rəqiblərimizdən ən yüksək pillədə Almaniya qərarlaşıb – 6-cı yer. Ardınca Türkiyə (35), Avstriya (55), Belçika (66) və Qazaxıstan (129) gəlir. Bir sözlə, millimiz öz qrupunda yalnız qazaxları qabaqlayır.
Postsovet məkanı ölkələri arasında isə Azərbaycan yığması 10-cu yerdə qərarlaşıb. Bizdən arxadan yalnız adı çəkilmiş Qazaxıstan, bundan əlavə Gürcüstan (118), Tacikistan (130), Türkmənistan (134) və Qırğızıstan (151). Daha yüksək pillələrdə Ermənistan (106), Estoniya (100), Özbəkistan (95), Moldova (87), Belarus (80), Litva (58), Latviya (46), Ukrayna (26) və Rusiya (12) qərarlaşıb.
