Hiddink Türkiyədə qızıl parçası tapıb
Türkiyə mətbuatı yığma komandanın baş məşqçisi Quus Hiddinkin milliyə rəhbərlik edəcəyi müddət ərzində nə qədər qazanacağını hesablayıb. Azerisport.az xəbər verir ki, “Fotomaç” qəzeti hollandiyalı mütəxəssisin illik maaşının “təmiz” 4 milyon avro olduğunu yazıb.
Bundan əlavə, Hiddink hər qələbəyə görə 300 min avro alacaq. AÇ-2012-nin final mərhələsinə vəsiqə qazanacağı təqdirdə Quusun şəxsi hesabı daha 2 milyon avro məbləğində böyüyəcək. Artıq indidən AÇ-2012-nin final mərhələsinin mükafatlarının məbləği də müəyyənləşdirilib: 1/4 final – 2 milyon avro, yarımfinal – 3 milyon, final – 4 milyon, qələbə - 5 milyon.
Maraqlıdır ki, Hiddinkin bütün uçuş və İstanbulun “Çırağan” otelində yaşayış xərcləri də Türkiyə Futbol Federasiyası tərəfindən ödəniləcək. Və nəhayət: müqavilə müddətinin uzadılacağı təqdirdə məşqçinin illik maaşı 30% artırılacaq.
