Tarix tərsinə təkrarlandı
Çempionlar Liqasının ilk oyunu günü başa çatdı.
Azerisport.az xəbər verir ki, Bavariya – Mançester Yunayted qarşılaşmasında demək olar ki, 11 il əvvəlki ssenari təkrarlandı. 1999-cu ilin mayında Barselonanın “Nou Kamp” stadionunda baş tutan final görüşündə almanlar uzun müddət hesabda irəlidə olmuş, son dəqiqələrdə isə “mankunianlar” iki dəfə fərqlənərək, qələbə qazanmışdılar. Bu dəfə final fiti ərəfəsində qələbə qolu Münhen təmsilçisindən gəldi.
“Alyans Arena”da erkən qola Mançester Yunayted imza atdı; Ueyn Runinin vurduğu top həm gözəl idi, həm də vacib. Amma FK “Hollivud” mübarizəni yerə qoymadı və nəticədə ikinci hissədə matçın gedişini öz xeyrinə dəyişə bildi. Əvvəlcə - 76-cı dəqiqədə Frank Riberi cərimə zərbəsindən fərqləndi. Hərçənd, qolda durduğu yerdə əllə oynayan MY-nin kapitanı Qari Nevillin və canlı səddin xüsusi “xidmətləri” oldu. Belçikalı hakim Frank de Blekerinin final fitinə saniyələr qalmış isə Patris Evranın səhvindən yararlanan İvitsa Oliç Bavariyaya qələbə gətirdi – 2:1. Tarix tərsinə təkrarlandı, amma 99-cu ilin Bavariyasından fərqli olaraq, mançesterlilərin vəziyyəti düzəltmək şansları qalır.
Liqada “fransız derbisi” də hadisələrin gedişi və gərginliyinə görə bu matçdan geri qalmadı. Oyundan qabaq daha yaxşı formada olan Bordonun şansları yüksək qiymətləndirilisə də, Lion əzəli rəqibini “Stad de Jerlan”dan əliboş yola salmağı bacardı. Matçın qəhrəmanı iki dəfə - 10 və 77-ci dəqiqələrdə (ikinci halda penaltidən) fərqlənən argentinalı hücumçu Lisandro Lopez oldu. Qonaqlardan Maruan Şamax 14-cü dəqiqədə komandasına cavab qarşılaşması ərəfəsində üstünlük verən bərabərlik qoluna imza atsa da, bundan sonra Mişel Bastos Lionu irəli çıxardı. İndi “Şaban Delmas” stadionunda Loran Blan və onun istedadlı komandasını çətin vəzifə gözləyir; 3:1-in əvəzini çıxmaq elə də asan olmayacaq.
Cavab qarşılaşmaları iki həftə sonra aprelin 13-14-də keçiriləcək.
UEFA Çempionlar Liqası
1/4 final, ilk oyunlar
Bavariya – MY 2:1
Lion – Bordo 3:1
