Tələsik və ədalətsiz
Nizam-İntizam Komitəsi iclas keçirdi və cəzaları yağdırdı. Azerisport.az öz mövqeyini bildirir.
Məsələnin kökünə keçməmişdən əvvəl komitə rəhbəri Tofiq Fətullayevin azerisport.com və azerisport.az-a verdiyi yalnış açıqlamaya toxunan. Sirr deyil ki, bir neçə gün idi ölkənin futbol ictimaiyyətini yalnız bu iclas maraqlandırırdı. Jurnalistlər təxminən 2-3 ərzində AFFA-dan xəbər gözləyir, səbrsizliklə saata baxır və müzakirələrin bu qədər uzandığına təəəcüblənirdi. Axşam təxminən saat 6-da isə AFFA-dan cavab gəldi: heç bir iclas olmayıb. Bir daha Tofiq Fətullayevin sitatını nəzərinizə çatdırırıq: “İclas bu gün keçirilmədi. Çünki gündəlikdə duran əsas məsələ - Xəzər Lənkəran – Neftçi oyununda baş verənlərlə bağlı əlimizdə tam informasiya yoxdu. Hələ onu toplamaq və araşdırmaqla məşğuluq. Ola bilər ki, sabah, ya da o birisi gün toplaşaq və qərar verək”. İki saat sonra isə AFFA-nın rəsmi saytı iclasda verilən cəza, qadağa, töhmət və xəbərdarlıqları ard-arda ictimaiyyətin nəzərinə çatdırdı...
Fətullayevin həqiqəti demək istəməməsinin arxasında nə dururdu, bilmirik. Yəqin ki, heç vaxt bilməyəcəyik. Ola bilər ki, həmin saat üçün doğrudan da iclasın imtinası gündəmdə idi. Amma cəmi iki saat keçmiş, bəlkə də AFFA rəhbərliyinin təkidi ilə toplantının təşkil olunması, cəzaların yağdırılması, başqa sözlə verilən bəyanatın yalan olmasının özü sistemsizlikdən irəli gəlir. Sistemsizlik isə futbol üçün Lənkəran stadionunda yağan plastik oturacaqlardan daha böyük təhlükədir.
Yavaş-yavaş gəlib çıxdıq günün mövzusuna. Nizam-İntizam Komitəsi görünməyən qərar çıxardı: Xəzər Lənkəran futbol klubu ayrı-ayrı bəndlər üzrə düz 35 min manat məbləğində cərimə edildi. Komandanın baş məşqçisi, mətbuat katibi, stadionun direktoru müxtəlif müddətə cəzalandı, amma stadionun özü cəza görmədi. Çılğın lənkəranlı azarkeşlər bizi düzgün başa düşsün: burada söhbət heç də mətbuatın oyuna boş tribunalarla baxmaq istəməsi anlamına gəlmir. Əsla! Əksinə, jurnalistlərin işi elə futbola əlavə azarkeş cəlb etməkdir. Amma qərar özünü analoqsuzdur. Hər halda, dünyanın istənilən nöqtəsində bizə güləcəklər: oyun zamanı meydançaya azarkeş daxil olur, futbolçuların və hakimlərin başına kənar əşyalar yağır, lakin stadion cəzasız qalır.
Əgər AFFA rəhbərliyi “nə şiş yansın, nə də kabab” prinsipi ilə hərəkət edərək, Xəzər Lənkərana mümkün qədər yüngül cəza verilməsinə çalışırdısa, inamla demək olar ki, “ya şiş, ya da kabab artıq yandı”. Nəyin nə olduğuna klub rəhbərliyi qərar versin, amma 35 min dollar, üstəgəl baş məşqçiyə 4 oyunluq cəza inanılmaz ağır qərardır. Və burada yüngüllükdən əsər-əlamət də yoxdur.
Nəhayət, bizi maraqlandıran və təəccübləndirən sonuncu məsələ: Əfqan Həmzəyevin cəzalandırılması və bunun səbəbləri. Səbəb kimi rəsmən “oyuna hazırlıqla bağlı qeyri-peşəkar hərəkətlərə yol verməsi” göstərilsə də, əsl səbəblər naməlum qalır. Əgər bu “qeyri-peşəkar hərəkət” kimi siqnal verən bayraqlardakı nasazlığının aradan qaldırılmaması nəzərdə tutulursa, buna görə maksimum 1 oyunluq cəza verilə bilər. Amma 3 oyun? Niyə? Deməli, ya XL öz iddialarında, yəni hakimin kobud səhvlərə yol verməsini iddia etməkdə doğrudur, ya da bizim bilmədiyimiz xırdalıqlar var. Xahiş olunur ki, növbəti belə hallarda cəzanın səbəbi hər kəsə aydın olacaq formada göstərilsin.
Hakimlər Komitəsi və PFL-ə edilən xəbərdarlıqlar isə yerində və düzgün atılmış addımdır. Çempionatın təşkili ilə bağlı inanılmaz dərəcədə çox xırda, amma vacib çatışmamazlıqlar var.
Son söz əvəzi üçün isə... Son olaylar, NİK-in bugünkü iclası, verilən qərarlar bir daha onu göstərir ki, Azərbaycan futbolu peşəkarlaşma yolunda addımları çox ləng atır. Bu sürətlə “mənzil başına” çatmaq üçün hələ çox məsafə qət etməli olacağıq.
